Bəzən insanlara şans vermək lazımdır ki, onlar yol verdiyi səhvləri düzəltsinlər

“Azərbaycanda əfv ənənəsini yaradan məhz böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyev olub”. Bu sözləri  deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, məhz Ulu öndərin hakimiyyəti dövründə ictimai təhlükə törətməyəcək qədər az cinayətlər törətmiş, yaxud Əfv sərəncamının tələblərinə uyğun olan hüquq pozuntularına yol vermiş vətəndaşlarımızın kütləvi şəkildə əfv olunması Ulu öndər Heydər Əliyev tərəfindən vaxtaşırı həyata keçirilib: “Bu gün bu bir ənənə halını alıb. Ona görə də təsadüfi deyil ki, məhz Ulu öndərin anadan olmasının 100 illiyində ölkəmizdə bu vaxta qədər keçirilmiş say etibarilə ən çox saylı məhkumların azadlığa buraxılması, yaxud onların cəzalarının qismən azaldılması Ümummilli liderin ənənələrinin layiqli davamıdır”.

Deputat sözlərinə belə davam edib: “Şübhəsiz ki, hər əfv ailə üçün sevincdir. Bir vətəndaş üçün isə yeni bir başlanğıcdır. Bu səbəbdən də bəzən insanlara şans vermək lazımdır ki, onlar yol verdiyi səhvləri düzəltsinlər. Doğrudur, hüquqi baxımdan bu məsələnin izah olunması bir qədər çətin olsa da, amma cəmiyyət, vətəndaş və dövlət münasibətləri hüquqi məzmunla bərabər, həm də humanitar məzmun kəsb edir. Azərbaycan humanitar hüququn verdiyi bütün imkanlardan istifadə etməklə bu cür fərmanlarla vətəndaşların yeni həyata başlaması üçün imkanlar yaradır. Düşünürəm ki, bu ənənə Azərbaycan Prezidentinin hüquqa humanist yanaşması nəticəsində bundan sonra da davam edəcək”.