“Ümid edirəm ki, əfv olunanlar cəmiyyətimiz üçün faydalı vətəndaş olacaqlar”-Deputat

Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Humanizm siyasətinin əsaslarından biri olan əfv sərəncamları dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq imzalanır.

Mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam yüzlərlə, minlərlə ailəni sevindirdi, məhkumların yaxınlarını fərəhləndirdi.

Təbii ki, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin tarixində əlamətdar hadisə olduğundan əfv sərəncamının imzalanacağı gözlənilən idi. Prezident İlham Əliyev Ulu Öndərin əbədiyaşar əziz xatirəsini daim dərin hörmət və ehtiramla yad edir, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiqliyini konkret addımlarla ortaya qoyur.

Ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətləri vardır. Həmçinin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilir. Humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirən Cənab İlham Əliyev cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq məhkum olunmuş bir sıra şəxslərin vaxtından öncə azadlığa qovuşmalarını təmin edib.

Sözsüz ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq 801 nəfər əfv edilib. Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan azad edilmişdir. Yayılan məlumatlarda da qeyd olunduğu kimi, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir .

Bununla yanaşı Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib. Onlar arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer almış, həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilmişdir. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib.

Onu da qeyd etmək lazımdır ki, sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul edilmiş Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.

Mən bir daha əfv edilərək azadlığa qovuşan məhkumları və onların yaxınlarını təbrik edirəm. Ümid edirəm ki, onlar cəmiyyətimiz üçün faydalı vətəndaş olacaqlar və bir də heç zaman yolları dəmirbarmaqlı zindanlara düşməyəcək.

Cəbi Quliyev,

Milli Məclisin deputatı