800-dən çox insana əfv Sərəncamının tətbiq edilməsi çox humanist addımdır

“Ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində əfv Sərəncamının imzalanması çox böyük humanist addımdır. İlk növbədə, möhtərəm cənab Prezidentə dərin təşəkkürümü bildirirəm ki, bu Sərəncamı imzaladı. Əfvə düşən bir çox insanlar var ki, onların əfvi ilə bağlı müəyyən müzakirələr gedir. O insanlar ki, dövlətə dəymiş ziyanı artıqlaması ilə ödəyiblər, artıq islah olunduqlarını sübut ediblər, məhz həmin insanlar bu Sərəncamda nəzərə alınıblar. Düşünürəm ki, əfv Sərəncamının miqyasını və əhəmiyyətini qətiyyən kiçiltmək olmaz. Əksinə, sevinməliyik ki, bizim vətəndaşların müraciətləri müsbət dəyərləndirilib, onlar Sərəncamın dairəsinə düşüblər”.

Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, qarşıda bu cür sərəncamlar çox olacaq: “Heç kəsə sirr deyil ki, uzun müddətdir, Əfv Komissiyası müraciətləri araşdırırdı. Hər bir müraciət həm Əfv Komissiyası tərəfindən, həm də aidiyyəti dövlət qurumları tərəfindən dəqiq öyrənilir, rəylər toplanılırdı. Bu mərhələdə əfvə düşmə ehtimalı olan əksər insanlar nəzərə alınıblar. Ancaq unutmamalıyıq ki, hər kəsi eyni anda əfv etmək mümkün deyil. 800-dən çox insana əfv Sərəncamının tətbiq edilməsi çox humanist addımdır. 2023-cü il “Heydər Əliyev İli”dir. Bu il çərçivəsində bir neçə dəfə əfv Sərəncamının olma ehtimalını bilirik. İlin sonunda da əfv Sərəncamı gözləniləndir. Ümid edirik ki, Dünya Azərbaycanlıllarının Həmrəyliyi Günü ərəfəsində əfv Sərəncamı yenə olacaq. Digər müraciətlər də həmin vaxta qədər araşdırılacaq, azadlığa çıxmaq istəyən insanlar azadlıqlarına qovuşacaqlar. Bütün müraciətlər olmasa da, əksər müraciətlər müsbət dəyərləndiriləcək. Ümid edirəm ki, yeni Sərəncama düşmüş insanlar bu Sərəncamın onlara verdiyi imkanları düzgün dəyərləndirə biləcəklər, hər bir Azərbaycan vətəndaşı azadlığının qədrini biləcək, qanunlara riayət edəcək, qətiyyən cinayətə meyillənməyəcək. Onlar həqiqətən də cəmiyyətdə nümunəvi vətəndaşlar olacaqlar. İslah olunduqlarını sübut edəcəklər. Yenidən bu və ya digər formada cinayətlər törətməyəcəklər”.