Ümummilli Liderimizin yaşıllaşdırma ənənələrini davam etdiririk

Mayın 8-də Daşkəsən Rayon Polis Şöbəsinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev, rayon prokuroru Şahin İmanov, rayon İcra Hakimiyyətinin əməkdaşları, polis işçiləri və fəallar iştirak ediblər.
Aksiya çərçivəsində Daşkəsən şəhərinin girişində rayonun iqliminə uyğun çoxsaylı ağaclar əkilərək suvarılıb.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev bildirib ki, aksiyanın keçirilməsində əsas məqsədimiz ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini yad etməklə Ümummilli Liderin yaşıllaşdırma ənənələrini davam etdirməkdir.