Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin üzvləri Manisada

Mayın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin üzvləri Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda Azərbaycan Mədəniyyət Dərnəyini ziyarət edib, azərbaycanlı ailələr ilə görüşüblər.

Görüşdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sayəsində ölkələrimiz arasında qardaşlıq münasibətinin uğurla inkişaf etdiyini deyib.

Manisanın Turqutlu rayonunun Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Ünal Kağba qeyd edib ki, Azərbaycan və Türkiyə Heydər Əliyevin də dediyi kimi, bir millət, iki dövlətdir. Türkiyə hazırda dünyada sözünü deməyə qadir bir ölkədir və Azərbaycanın varlığı onların gücünə güc qatır.

Milli Məclisin deputatları İmamverdi İsmayılov, Mahir Abbaszadə və Malik Həsənov Türkiyənin son 20 il ərzində böyük inkişaf yolu keçdiyini bildiriblər. Qeyd edilib ki, Azərbaycan xalqı və dövləti bütün məsələlərdə Türkiyənin yanındadır.

X X X

YAP nümayəndə heyəti Manisaya səfər çərçivəsində, həmçinin bu şəhərdə təhsil alan həmyerlilərimiz və şəhər sakini olan Azərbaycan əsilli vətəndaşlar ilə görüşüb.

Görüşdə bu ilin Azərbaycan üçün xüsusi il olduğu bildirilib. Eyni zamanda, qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində bu gün ölkələrimiz tarixlərinin ən güclü dövrünü yaşayır.

Azərtac