Bu gün dünyada Azərbaycan dedikdə daha lider Heydər Əliyev yada düşür

Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi təkcə ölkəmizdə deyil, dünyanın bir sıra ölkələrində böyük təntənə ilə qeyd edilir. Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycançılıq ideyalarını hər şeydən uca tutan, , milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Onun gerçəkləşən ideyaları sayəsində bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən fəxrlə bəhs edirik.

Ümummilli Lider Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi olduqca məzmunlu və çoxşaxəli fəaliyyətlərlə yadda qalıb. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın qarşısında geniş üfüqlər açıldı. Dahi liderin düşünülmüş və gələcəyə hesablanmış inkişaf konsepsiyası fundamental çətinliklərin aradan qaldırılması və hərtərəfli islahatlarla nəticələndi. Mərhum lider hər zaman tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, dilimizin inkişafına çalışmışdır. Azərbaycan dilinin dövlət dili statusu qazanması Ümummili Liderin qətiyyətinin və cəsarətinin nəticəsidir. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğu 73-cü maddə öz əksini tapdı. Bu gün Azərbaycanda bütün sahələrdə Ümummilli Liderin misilsiz xidmətlərinin silinməz izlərini görürük. Bu xidmətlərin təməlində isə dövlətə, xalqa bağlılıq, Azərbaycanı daim zirvələrdə görmək istəyi, bir sözlə, azərbaycançılıq dayanırdı. Demokratik cəmiyyətin əsas atributlarından sayılan azad mətbuatın inkişafı, fikir, söz azadlığı üçün şəraitin yaradılması Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Mətbuat-cəmiyyət münasibətlərini tənzimləmək məqsədilə Jurnalistlərin I qurultayında Mətbuat Şurasının yaradılması, media sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi Ümummilli Liderin bu sahəyə diqqətinin bariz nümunələridir. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsində aparılan islahatlar bu gün özünün müsbət nəticələrini göstərməkdədir.

Təsadüfi deyil ki, bu gün dünyada Azərbaycan dedikdə daha lider Heydər Əliyev yada düşür. Heydər Əliyev dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Azərbaycan və Heydər Əliyevin adları qoşa çəkilir. Çünki müasir Azərbaycanın memarı, yaradıcısı məhz ümummilli liderdir.

Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni mərhələnin, sülh quruculuğunun və sabitliyin başlanğıcı oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur. Soydaşlarımızın torpaq həsrətinə son qoyulur. Böyük Qayıdış proqramı mərhələli, xüsusi düşünülmüş proqram əsasında həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi. Əminliklə deyə bilərik ki, qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

İltizam Yusifov
Milli Məclisin deputatı