Ermənistanın əsgərlərimizə qarşı qurama “məhkəmə prosesi”i, həbs “qərar”ı məhkəmə vandalizmidir

“Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama “məhkəmə prosesi”i, Bəbirovun həbsi ilə bağlı “qərar”ı məhkəmə vandalizmidir, dərhal beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir. İlk növbədə ona görə ki, Azərbaycanın hər iki hərbçisi hansısa real cinayət əməlinə görə yox, məhz azərbaycanlı olduğuna görə mühakimə edilir. Bu davranış BMT-nin “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında” Konvensiyası və onun məqsədlərinə zidd olmaqla, müharibə cinayətlərinin, konkret desək, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il üçüncü Cenevrə Konvensiyasının kobud pozuntusudur. Beynəlxalq ictimaiyyət məsələni görməzdən gəlməməlidir”.

Bu sözləri  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, əsirlikdəki hər iki əsgərin qəddar fiziki işgəncələrə məruz qalmasına dair kifayət qədər təkzibolunmaz faktlar mövcuddur: “Bu kimi qurama “məhkəmə prosesi” də məhz həmin vəhşiliklərin hüquq müstəvisində davamıdır. Ermənistan qanunsuz və əsassız məhkəmə prosesi, hətta hərbçimiz Aqşin Bəbirovun 11 il 6 ay azadlıqdan məhrum edilməsi barədə qondarma “qərar” elan etməklə mənəvi və psixoloji işgəncələri davam etdirdiyini, humanitar hüququn pozuntusunu ehtiva edən cinayətlərin arxasında məhz dövlət olaraq özünün durduğunu etiraf etmiş olur. Digər diqqət yetirilməli məqam isə budur ki, əsgərlərimiz bir ay öncə əlverişsiz hava şəraitində Ermənistanın şərti sərhədlərini keçərək əsir düşüb. Əgər İrəvan 18-20 yaşlı bu iki gənci xüsusilə hansısa ağır cinayətdə təqsirləndirirsə, bu, ciddi araşdırma tələb edən mürəkkəb bir proses olmalı idi. Heç bir prosessual qaydaya, heç bir hüquqi tələbə məhəl qoymadan tələsik 15-20 gün ərzində məhkəmə təşkil edərək bir neçə iclasda “qəti qənaətə” gəlinməsi bu məhkəmənin qurama olduğunu bir daha sübut edir. Hər kəsə aydındır ki, Ermənistan hüquq sisteminə görə Aqşin Bəbirov və Hüseyn Axundovun yeganə təqsiri onların azərbaycanlı olmasıdır. Dünyanın gözü önündə, beynəlxalq yarışda bayrağımızın yandırılmasını təşkil edən bir dövlət azərbaycanlı hərbçilərə loyal yanaşa bilməzdi. Baxmayaraq ki, müharibə zamanı mühasirədə olan 30 min erməni əsgərini son nəfərinə kimi məhv edə bilərdik. Yaxud sonrakı dövrlərdə dəfələrlə erməni əsirlər İrəvana qaytarılıb, elə sonuncu dəfə yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçini heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarmaqla Azərbaycan xoş niyyət ifadə etmişdi. Biz bölgədə etimad mühitinin formalaşması, yekun sülhə nail olaraq əməkdaşlıq və inkişaf edən bir bölgə arzulayırıq. Lakin Ermənistan son davranışları ilə bir daha göstərir ki, bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı deyil. Əksinə, azərbaycanlılara nifrət, ərazilərimizə isə təcavüzkar iddia hələ də İrəvanın dövlət gündəliyinin vacib tərkib hissəsidir. Əlbəttə, biz buna susmaq niyyətində deyilik, İrəvan haqq etdiyi cavabı alacaq, Azərbaycan dövləti və onun müzəffər Lideri vətəndaşını, ələlxüsus hərbçisini Ermənistanın əlində buraxmayacaq”.