Bu qanun layihəsinə əsasən, yoxlayıcılar hansı sahəni yoxlayacaqsa, o sahənin işini dayandıracaq

Vahid Əhmədov: “Qanun layihəsi yoxlama prosesində şəffaflığı təmin edəcək, mövcud boşluqları ortadan qaldıracaq”

Dünən Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə komitə sədrinin müavini Əli Məsimli ətraflı məlumat verdi, onun mütərəqqi əhəmiyyətindən danışıb.

Deputat Vahid Əhmədov çıxışı zamanı qanun layihəsi və onun önəmi ilə bağlı maraqlı fikirlər səsləndirib. Millət vəkili qeyd edib ki, bu, hər şeydən öncə daha şəffaf yoxlamaların keçirilməsini təmin edəcək,  neqativ hallara qarşı təsirli mübarizə vasitəsi olacaq:

“Dövlət başçısı cənab İlham Əliyev mütəmadi olaraq daha şəffaf yoxlamalarla əlaqədar göstərişlər verib. Məqsəd neqativ halların aşkara çıxarılmasının təmin olunması ilə yanaşı, yoxlama prosesinin özünün şəffaf bir ortamda gerçəkləşməsidir. Bildiyiniz kimi, zaman-zaman sahibkarların vaxtaşırı yoxlamalardan azad edilməsi ilə bağlı güzəştlər tətbiq olunub. Şübhəsiz, burada məqsəd sahibkarların daha rahat, müdaxiləsiz bir ortamda fəaliyyətini təmin etmək olub. Ancaq bunu da qeyd etməliyik ki, bəzi nazirliklərdə aparılan yoxlamalar kifayət qədər şəffaf olmayıb. Bütün bunlar nəzərə alınaraq belə bir qanun layihəsinin hazırlanmasına qərar verilib”.

Sözügedən qanun layihəsinin İqtisadiyyat nazirliyi tərəfindən irəli sürüldüyünə diqqət çəkən millət vəkili, layihədə bütün nüansların incəliklərinə qədər düşünüldüyünü qeyd edib:

“Məlum qanun layihəsini İqtisadiyyat Nazirliyi təklif edib və hesab edirəm ki, bu, digər nazirliklər üçün də nümunəvi addımdır. Layihədə diqqət çəkən mütərəqqi məqamlardan biri də yoxlama proseslərinin ən xırda incəliyinə qədər düşünülməsidir. Müqayisə üçün bir faktı qeyd edim ki, bugünə qədər hər hansı  bir müssisənin fəaliyyəti yoxlanılanda, o zaman bütün müəssisənin  fəaliyyəti yoxlayıcılar tərəfindən dayandırılırdı. Nəticədə, ortaya ciddi  problemlər çıxırdı. Bu qanun layihəsində isə “yoxlama obyekti” anlayışı dəqiqləşdirilib. Konkret yoxlanılan sahə öz əksini tapıb. Yəni bu qanun layihəsinə əsasən, yoxlayıcılar hansı sahəni yoxlayacaqsa, ancaq o sahənin işini dayandıracaq. Yəni yoxlayıcıların digər sahələrin fəaliyyətini dayandırmaq hüququ yoxdur. Bu isə imkan verəcək ki, müəssisəsnin digər sahələri öz fəaliyyətini davam etdirsin, iş prosesinə, müəssisənin fəaliyyətinə cidi bir ziyan dəyməsin”.

Millət vəkili yoxlayıcıların etik-davranış qaydalarına əməl etməsinin vacibliyini vurğulayıb, bununla bağlı da layihədə konkret məqamların yer aldığını qeyd edib:

“Məlumdur ki, bugünə qədər bir çox hallarda yoxlayıcıların sahibkarları yoxladığı zaman etik-davranış qaydalarının pozulması halları da qeydə alınırdı. Bu isə çox ciddi neqativ hal idi və haqlı olaraq sahibkarların narazılığına səbəb olurdu. Bu səbəbdən də yoxlayıcıların etik-davranış qaydalarına əməl etməsi, bu prosesin konkret şəkildə tənzimlənməsinə çox böyük ehtiyac var idi.

Bütün bunları nəzərə alaraq yoxlayıcıların etik-davranış qaydaları da layihədə öz əksini tapıb.

Yoxlayıcı qurumun və sahibkarın hüquq və vəzifələri bu dəyişiklikdə konkretləşdirilib. Çünki yoxlama prosesinin düzgün aparılması üçün hər iki tərəfin səlahiyyətlərinin düzgün müəyyən edilməsi çox vacib idi və bu zərurət məlum qanun layihəsində öz əksini tapıb.

Ən ciddi məsələlərdən biri kimi götürülən nümunələrin dəyərinin ödənilməsi, saxlanılması, məhsulun sonrakı satışı və sairənin yoxlayıcı orqan tərəfindən ödənilməsi nəzərdə tutulur ki, bunlar da olduqca vacib nüanslardan biridir”.

Millət vəkili qeyd edib ki, qanun layihəsində yoxlayıcı orqanla bağlı ciddi tələblər müəyyənləşib:

“Yoxlayıcı orqanın illik hesabatının daha da təkmil verilməsi qanun layihəsində əksini tapan məsələlərdən biridir. Bu, həm yoxlama prosesinin nəticələrinin daha aydın əks olunması, həm də yoxlayıcıların öz işinin öhdəsindən nə dərəcədə gəlməsi, öz işlərinə nə dərəcədə məsuliyyətlə yanaşmasını göstərən vacib amildir.

Vahid reyestr xidmətinin təkmilləşdirilməsi də qanun layihəsində əksini tapan, mühüm önəm kəsb edən amillərdən biridir”.

Qanun layihəsinin yoxlama proseslərində şəffaflığın təmin ediləcəyinə töhfə verəcəyini bildirən millət vəkili, əlavə maddənin təklif edilməsi təşəbbüsü ilə də çıxış edib:

“Yoxlamanın əsas məqsədi şəffaflığın təmin edilməsi, yoxlama prosesində neqativ halların qarşısını alınmasıdır. Bu baxımdan qanun layihəsinin şəffaflığın təmin olunmasına töhfə verəcəyi qənaətindəyəm. Bununla belə hesab edirəm ki, şəffaflığın təmin olunması ilə bağlı əlavə maddənin təklif edilməsini məqsədəuyğun hesab edirəm. Düşünürəm ki, bu əlavələr qanun layihəsini daha da optimallaşdırmağa imkan verəcək ”.