Çox güman bu silahlar Ermənistana “hədiyyə” ediləcək

Son günlər Ermənistan növbəti təxribatlara əl ataraq gündəlikdə olan sülh prosesinə zərbə vurmağı hədəfləyir. Ermənistanın normallaşma prosesi üzrə vacib görüşlər ərəfəsində ardıcıl təxribatlar törətməsi özündən daha çox ona himayədarlıq edən qüvvələrin maraqlarına xidmət edir.

Bu fikirləri  Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, ölkəmizə qarşı təxribatları davam etdirən Ermənistan Fransa ilə hərbi əməkdaşlığı genişləndirmək üçün addımlar atır. Rəsmi Paris Ermənistan üçün silah ixracı sisteminin qurulmasına hazırlıq məqsədilə əməli tədbirlər həyata keçirməyə başlayıb.

“Fransanın İrəvanda daimi hərbi attaşesi təyin olunacaq. Hazırda bu funksiyanı, eyni zamanda, Fransanın Tbilisidəki səfirliyinin hərbi attaşesi Frederik Kampos həyata keçirir. Lakin görünən odur ki, rəsmi Paris daimi attaşe təyin etməklə Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək istəyir”, – deyən deputatın sözlərinə görə, atılan addımlar onu göstərir ki, Fransa açıq şəkildə Ermənistana silah ixrac etmək niyyətindədir.

S.Mikayılova vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında gərgin vəziyyət davam etdiyi bir dövrdə Fransa İrəvana hərbi dəstək göstərir. Azərbaycana qarşı qərəzli siyasət yürüdən Fransa indi də bu düşmənçiliyi hərbi müstəvidə davam etdirməyə başlayır. Ermənistan iqtisadiyyatının kifayət qədər bahalı hərbi avadanlıq və silahları Fransadan ala biləcəyi şübhə altındadır. Bu səbəbdən də çox güman bu silahlar Ermənistana “hədiyyə” ediləcək.

Deputat diqqətə çatdırıb ki, Fransa Ermənistanı silahlandırmaqla növbəti dəfə regionda bütün sülh təşəbbüslərini boğmaq, müharibə vəziyyəti yaratmaq istədiyini açıq şəkildə bəyan edir. “Fransanın planları Ermənistanın üzərindən bölgəyə daxil olub təsir gücünü artırmaqdır. Digər tərəfdən isə Fransa bölgəni bir növ döyüş poliqonuna çevirməkdən də çəkinmir. Bölgədə uzunmüddətli və dayanıqlı sülhün yaranmasının qarşısının alınması bu ölkənin əsas məqsədidir. Bu yolla Fransa öz iqtisadi və siyasi maraqlarını təmin etmək istəyir”, – deyə o əlavə edib.