“Milli Məclisdə dinləmə təşkil olunsun” – Deputatdan ÇAĞIRIŞ

Milli Məclisdə “İctimai İştirakçılıq haqqında”Azərbaycan Respublikası Qanununda dəyişiklikər edilməsi haqqında Azərbaycan Respublikası Qanun layihəsinin müzakirəsi zamanı etdiyim çıxışın qısa mətni
Bu vacib dəyişikliklər Mərkəzi, yerli İcra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının üzərinə böyük məsuliyyət qoyur.
İctimai İştirakçılıq haqqında qanunun tədbiq sferasını genişləndirir. İndiyə qədər bu norma ümumi xarakter daşıyırd. Subyektlər dəqiq müəyyənləşdirilməmişdi. Və onların üzərinə düşən öhdəliklər konkret ifadə olunmamışdı.
Bura Publik Hüquqi Şəxslərin də daxil edilməsi vacibdir. Publik Hüquqi Şəxslər ictimai və dövlət xarakterli fəaliyyətləri həyata keçirirlər. Məsələn Təbib və Dövlət İmtahan Mərkəzini misal çəkmək olar.
Xeyli sayda Publik Hüquqi Şəxslər yaradılıb. Və proses davam etməkdədir. Bu təsisatlar vətandaşların hüquq və mənafeləri ilə bağlı məcburi qərarlar qəbul edirlər. Birdən deyilə bilər ki qanunda hüquqi şəxslər anlayışı yer alıb.Diqqətə çatdırmaq istəyirəm ki, Publik hüquqi şəxslər hüquqi şəxslərin tamam başqa növüdür. Belə ki, onlar hüquqi təbiətinə görə dövlət və ictimai funksiyaları həyata keçirirlər. Hüquqi və fiziki şəxslərin hüquq və mənafelərinin müəyyənləşdirilməsi ilə bağlı qərarlar qəbul edirlər.
Başqa bir təklif, Mərkəzi, yerli İcra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları ilə yanaşı Bura nəzarət zərfi dövlətə məxsus olan idarələr, şirkətlər və korporosiyaları da daxil etmək məqsədəuyğun olar. Məsələn, SOCAR, AZAL və s.
Bir vacib məsələni də qeyd edim: Bir çox Nazirliklər İctimai Şuraları özlərinə tabe qurum vəziyyətinə salıblar. Bu, Şuraların xarakterinə zidd hərəkətlərdir. Məsələn Siz Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin saytına diqqət edin. Şura naziri tərifləyir, nazir şuranı. Bu cür ictimai iştirakçılıq olmaz. İctimai İştirakçılıq haqqında qanunu Parlament qəbul edib. Və təklif edirəm ki, “İctimai İştirakçılıq haqqında” qanunun icrasının vəziyyəti və İctimai Şuraların fəaliyyəti ilə bağlı Milli Məclisdə dinləmə təşkil olunsun.

Etibar Əliyev

Milli Məclisin deputatı