Fransanın lazımsız müdaxilələri bölgədə sülh prosesinin ziyanınadır

Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda, o cümlədən mayın 14-də Brüsseldə keçirilmiş görüşdə müəyyən üstünlük əldə etmək istəyirdi. Bu dividendlərdə bir neçə istiqamət var. Onlardan biri sərhəddə strateji əhəmiyyətli məntəqələrə nəzarət etməkdir. İkincisi isə Qarabağdaki ermənilərin taleyi ilə bağlıdır. Məsələyə ümumilikdə yanaşsaq görərik ki, sərhəddə baş verən təxribatların törədilməsndə rəsmi İrəvan birbaşa iştirak edir. Bu ölkə danışıqların səmərəsiz nəticələnməsində maraqlıdır. Rusiya-Ukrayna müharibəsinin necə yekunlaşması da Ermənistan üçün çox vacibdir. Çünki mövcud vəziyyətdə təcavüzkar ölkə həm Qərb, həm də Rusiya arasında oyun oynayaraq özünə müəyyən dividend qazanmaq niyyətindədir.

Bu barədə Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli  deyib.

O qeyd edib ki, ümumiyyətlə, Rusiya Avropada aparılan sülh danışıqlarının nəticəsiz yekunlaşmasında maraqlı ola bilər. Bu mənada Ermənistanla onun mövqeləri üst-üstə düşür. Çünki Rusiya Ermənistanla hərbi-strateji baxımından müttəfiqdir. Rusiyanın Ermənistanda hərbi birləşmələri yerləşir. Ermənistanda yaxşı bilirlər ki, Rusiyanın iştirakı olmadan həyata keçiriləcək vasitəçilik prosesində şimal qonşumuz maraqlı olmayacaq. Ermənistan və Azərbaycan da bu məsələlərdə mövqeyi açıq şəkildə bildirib. Sadəcə olaraq Ermənistanın sülh danışıqlarına qeyri-adekvat reaksiyası sərhəddə son təxribatların yaranmasına gətirib çıxardı.

Hərbi şərhçi bildirib ki, Fransanın Cənubi Qafqazda siyasətinə gəldikdə isə bu Avropa ölkəsi uzun illərdir Cənubi Qafqazda müəyyən mövqelər qazanmağa çalışır. Fransa 1991-ci ildən sonra Ermənistan və Gürcüstanla bu istiqamətdə müəyyən dərəcədə yaxınlaşdı və eləcə də Azərbaycanla bağlı bir sıra addımlar atıldı. Lakin müəyyən dövrdən sonra Ermənistana daha çox etimad göstərən Fransa bu ölkə vasitəsilə Cənubi Qafqaza daxil olmağı qarşısına məqsəd qoydu. Fransa Ermənistana 44 günlük Vətən müharibəsi dövründə və sonra da göstərdiyi dəstəklə açıq şəkildə Cənubi Qafqazdakı mövqeyini nümayiş etdirdi. Hazırda Fransanın Ermənistanla hərbi-texniki cəhətdən yaxınlaşması bir sıra amillərin üzə çıxmasının göstəricisidir.

“Fransanın Ermənistanda böyük manevr imkanları olmasa da, onun ordusunun müəyyən təminat-təchizat məsələlərində, strateji silahların verilməsində iştirak edə bilər. İstənilən halda hərbi-texniki dəstək və ya hərbi təyinatlı vasitələrin iştirakı ilə Ermənistanla birgə silahlanmanın yenilənməsi proseslərinə qatılması Cənubi Qafqazda düşmən ölkənin güclənməsinə hesablanan prosesdir. Əslində Fransa bu yanlış addımı ilə Cənubi Qafqazda növbəti gərginlik ocağının və təxribatların yaranmasına rəvac verir. Bunların hansı formada keçiriləcəyi artıq gələcəkdə müzakirə olunacaq məsələdir. Fransa ilə Ermənistan bir sıra kiçik hərbi layihələrin reallaşdırılmasını birgə icra edə bilərlər. Bu mənada Fransanın Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərinə imkan vermək olmaz”, – deyə R.Məmmədli vurğulayıb.

Mərkəzin rəhbəri əlavə edib ki, digər tərəfdən, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla məqsədli şəkildə təxribat törədir və vəziyyəti gərginləşdirir. Buna səbəb Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır duruma düşməsi və bu ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunmasıdır. Ermənistan Brüsseldə keçirilmiş görüşdə də çətin vəziyyətə düşəcəyini bilirdi və durumu gərginləşdirmək üçün ənənəvi üsul olan təxribata əl atırdı. Mayın 14-də Brüssel formatı yenidən bərpa olundu. Praqa görüşündən sonra Fransa prosesə müdaxilə etməyə çalışırdı. Çünki Ermənistan Parisin də prosesə qoşulmasını tələb edirdi. Amma Azərbaycan qəti şəkildə buna imkan vermədi və Paşinyan əvvəlki üçtərəfli formata qayıtmalı oldu. Brüssel görüşünün əsas gündəliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinə doğru addımların atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru və itkin düşənlərin taleyi idi. Azərbaycan Brüssel formatından da, Avropa İttifaqı (Aİ) ilə münasibətlərin vəziyyətindən də razıdır. Buna mane olan yalnız Fransa idi və indi bunun qarşısı alındı. Ümumilikdə Fransanın Aİ daxilində nüfuzu zəifləyib. Artıq bəzi qitə ölkələri də anlayır ki, Fransanın lazımsız müdaxilələri bölgədə sülh prosesinin ziyanınadır.