Deputat: “Kreml hesab edir ki, müharibəni özü dayandırıb”

“Brüsseldə aparılan sülh danışıqlarından dərhal sonra Kəlbəcər istiqamətində atəşkəsin pozulması gözlənilən idi. Bunun əsas səbəbi bir-birilə geosiyasi təsir uğrunda mübarizə aparan iki qütbün qarşıdurması fonunda ABŞ-ın başlatdığı və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə davam edən Brüssel formatıdır”.

Bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

Millət vəkili Rusiyanın Kollektiv Qərbin sülh danışıqlarına qısqanclıqla yanaşdığını deyib:

“Kreml hesab edir ki, müharibəni özü dayandırıb və sülh danışıqları onun nəzarəti altında aparılmalıdır. Eyni zamanda, son iki yüz ildə Cənubi Qafqaz regionundakı mövcudluğunu qoruyub saxlamağa çalışır. Təbii ki, Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsi imzalandığı halda, Rusiya sülhməramlılarına ehtiyac olmayacaq”.

N.Məhəmməliyev hesab edir ki, Rusiyanın ABŞ və Avropa İttifaqını danışıqlar prosesindən kənarlaşdırmaq imkanı sıfra bərabərdir:

” Azərbaycan öz-özünü təmin edən, xarici maliyyə institutlarından asılı olmayan, ələlxüsus indiki şəraitdə Avropa üçün olduqca əhəmiyyətli, etibarlı tərəfdaşdır. Bizim Kollektiv Qərblə geniş miqyaslı sosial iqtisadi, siyasi, mədəni əlaqələrimiz var. Rusiyasız sülhə inanmaq məsələsinə gəldikdə isə, düşünürəm ki, dünyada və regionda baş verən prosesləri, xüsusilə təsir imkanlarına malik qüvvələrin nisbətini obyektiv qiymətləndirməliyik. Biz müharibədə qələbə qazanmışıq və ərazi bütövlüyümüzü təmin etmişik. Zaman bizim xeyrimizə işləyir. Hadisələri tələsdirmək lazım deyil. Dünya sürətlə dəyişir. Elə bir şərait yarana bilər ki, qısa müddət ərzində şərtlər dəyişə və dayanıqlı sülh əldə oluna bilər. Tam əminəm ki, Prezident İlham Əliyevin düşünülmüş, ölçülü-biçili siyasəti nəticəsində sülh müqaviləsi imzalanacaqdır”.