“Qərb üçün milli iradə ilə idarə olunan Türkiyə yox, marionet hakimiyyətlər lazımdır”Deputat

Türkiyədə prezident və parlament seçkilərindən sonra ATƏT-in qısamüddətli missiyasının davranışları və bu çərçivədə açıqladığı ilkin hesabat əslində Millət İttifaqı yox, Qərbin özünün Ərdoğana müxalifət olduğunu üzə çıxarır. Bir daha aydın olur ki, Qərb üçün milli iradə ilə idarə olunan Türkiyə yox, marionet hakimiyyətlər lazımdır və ATƏT-in ilkin hesabatı da bu çərçivədə qiymətləndirilməlidir.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, sirr deyil ki, seçki kampaniyası başlanan andan Qərb mediası AK Parti iqtidarını və şəxsən Rəcəb Tayyib Ərdoğanı hədəfə alaraq beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmaq, seçkinin nəticələrinə, bununla da Türkiyə xalqının iradəsinə bilavasitə təsir etmək niyyətlərini gizlətmirdilər: “Cari hesabat isə sübut edir ki, Qərb mediasının başladığı anti-Ərdoğan kampaniyası hansısa KİV resursunun, yaxud jurnalistin azad baxışı yox, mərkəzləşmiş qaydada həyata keçirilən “yenidən asılı Türkiyə” uğrunda imperialist məqsədin bir hissəsidir. Sənədə diqqət etdikdə həqiqətən, çox absurd və qərəzli məqam aydın sezilir. Hələ yalnız ilkin sənəd olmasına baxmayaraq, hesabatda səsləndirilən ittihamları heç Kılıçdaroğlu və komandası belə səsləndirməyib. Təsəvvür edin, müxalifət belə rekord seçici fəallığından bəhs etdiyi halda, ATƏT və AŞPA-nın seçki müşahidə missiyasının rəhbərləri “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyini” bəyan edirlər. Əlbəttə, bu onu göstərir ki, müşahidəçi cildindəki təxribatçılar bir neçə il öncə Azərbaycana gəldikləri kimi Türkiyədə də seçkiyə hazır hesabatlarla gəliblər. Əgər bir missiya aktivliyin 90 faizə yaxın olduğu seçkilərdə “səsvermədə iştirak etmək çətinliyindən” danışırsa, demək ki, onun yayımladığı istənilən hesabatın sarı mətbuat yazısından fərqi yoxdur və ciddi qəbul olunmamalı, rədd edilməlidir”.

Bəhruz Məhərrəmov nəzərə çatdırıb ki, digər absurd məqam “toplaşmaq, birləşmək və ifadə azadlığına qarşı davam edən məhdudiyyətlər”lə bağlıdır: “Maraqlıdır ki, Türkiyənin demək olar ki, bütün bölgələrində Millət İttifaqı sərbəst və məhdudiyyətsiz seçki mitinqləri və görüşləri keçirib, müxalifətin yandaş mediası bu prosesi birə-beş işıqlandırıb. Hətta müxalif “jurnalistlər” Kılıçdaroğlu ilə görüşə, mitinqlərə “yüz minlərlə” vətəndaşın gələrək Millət İttifaqına dəstək verdiyini tirajlayıblar. Belə olan halda ATƏT-in müşahidəçilərinin müxalifətdən daha radikal müxalif qüvvə kimi davranması təəccüb və ikrah doğurur. ATƏT-in israr etdiyi saxta məqamlardan digəri də seçkidə iştirakına “maneə yaradılan müxalif siyasətçilər”lə bağlıdır. Əgər ATƏT konkret cinayət əməllərinə görə məhkəmə qaydasında məhkum edilmiş cinayətkarlara siyasi qüvvə kimi yanaşırsa, demək, təsisatın məqsədi Avropada təhlükəsizlik yox, Avropada terror və separatizmin təbliğidir. Bu, ATƏT-in artıq əhəmiyyətini itirmiş, ya tam buraxılmağa, ya da bir platforma kimi yenidən təşkil edilməyə ehtiyac duyulan təsisata çevrildiyini göstərir. Ümumiyyətlə, əgər ATƏT təməl haqlardan bəhs edəcəksə, Fransanın hazırkı koloniyalarında baş verənlərdən, Korsikanın ana dilindən məhrum edilməsindən, yaxud Paris küçələrində divan tutulan vətəndaşların haqlarından başlasın. Yaxud ATƏT Skandinaviyada, Qərbi Avropada antiislam və antitürk diskriminasiya siyasətinə göz yummaqdan əl çəksin, təhlükəsizlik ideallarına sadiqliyini sübut etsin. Amma təəssüf ki, biz böyük perspektivlərə malik bir platformanın alətə çevrilərək özünün boğaza qədər çirkaba batdığını görməkdəyik”.