“Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” – Politoloq

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçularının növbəti dəfə silah daşıdığı üzə çıxıb. Silah daşınmasını təsdiqləyən görüntülər Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə  bildirib ki, hadisələr bu cür davam etsə, Azərbaycan tərəfi qəti tədbirlər görəcək və erməni separatçı qruplarını tərkisilah etməyə məcbur olacaq:

“Biz hazırda sülh danışıqlarından və dialoqdan istifadə edərək, yenidən Ermənistana üz tuturuq. Eyni zamanda vasitəçilərə də öz istəklərimizi ünvanlanyırıq ki, onlar da Ermənistana təsir etsinlər. Bu cür destruktiv siyasətə son qoyulsun, separatçılar tərkisilah olunsun və Azərbaycan ərazisini tərk etsinlər.

Əgər bizim təkliflərimizə, tələbələrimizə həm Ermənistan, həm də vasitəçilər biganə yanaşsalar, onda Azərbaycan birmənalı olaraq öz ərazilərində qayda-qanun yaratmağa məcbur olacaq. Bunu da güc yoluyla edə bilər. Ona görə də düşünürəm ki, həm Ermənistan, həm vasitəçilər üçün düşünməyə dəyər. Onlar düşünməlidirlər ki, bu cür hadisələr inkişaf etsə, yeni hərbi gərginlik qaçılmaz olacaq. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.