“Casus dəstələrin ifşa olunmasında xüsusi xidmət orqanlarının peşəkarlığı danılmazdır” – Arzu Nağıyev

Son dövrlərdə xarici xüsusi xidmət orqanlarına işləyən vətəndaşların müəyyən edilməsi və həbsi məsələsi gündəmdədir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ard-arda keçirilən əməliyyatlar nəticəsində xeyli casus ifşa olunub. Təbii ki, bu, ilk növbədə xüsusi xidmət orqanlarının peşəkarlığıdır. Əməliyyatlar elə peşəkarcasına aparılır ki, qarşı tərəf son ana qədər bunun fərqində olmur və sirr almaq istədiyi halda, sirr verir.

Araşdırmalar nəticəsində məlum olur ki, bu cür casus dəstələrə qoşulan vətəndaşlar sözügedən qruplarla ya sosial şəbəkələrdə, ya da xarici dövlətlərdə səfərlərdə olan zaman tanış olurlar.

Məsələ ilə bağlı millət Vəkili Arzu Nağıyev açıqlama verib. Deputatın sözlərinə görə, vətəndaşlar sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmalıdırlar:

“Azərbaycanda xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat tədbiləri nəticəsində bir qrup şəxslər müəyyən olunmuş, ifşa edilmiş və həbs edilmişdir. Məlum məsələdir ki, bu əməliyyatlar peşəkarcasına həyata keçirilir, eyni zamanda çox böyük əmək tələb edən əməliyyatlardır. Bu keçirilən əməliyyatlar nəticəsində ifşa olunmuş cinayətkar şəbəkə bir daha göstərir ki, Ermənistan xüsusi xidmət orqanları özünün təxribat işlərini Azərbaycanda davam etdirir. Əsasən sosial şəbəkələr vasitəsilə məxfi əməkdaşlığa cəlb etmə prosesini həyata keçirir və üçüncü dövlətlər vasitəsilə onların ərazisində yaşayan şəxslərin vasitəsilə bu prosesləri idarə edir”.

“Bunun qarşısının alınması üçün təbii ki, xüsusi xidmət orqanları, hüquq mühafizə orqanları, əsas da Dövlət Təhlükəsizlik Xidməti çox ciddi əks kəşfiyyat tədbirləri həyata keçirir” – deyə, deputat əlavə edib:

“Bunun da nəticəsi olaraq artıq bir neçə qrup və onların törətdikləri əməllər ifşa edilmiş, onların planlaşdırdıları bir sıra terror aktlarının qarşısı alınıb. Əvvəllər də xüsusi xidmət orqanları tərəfindən aparılıan əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olmuşdu ki, əsasən, Azərbaycan vətəndaşlarının cəlb edilməsi prosesi əsasən sosial şəbəkələrdə gedir. Azərbaycan vətəndaşı başa düşməlidir ki, bunlar yalançı idea, yalançı vətənpərvərlik, yalançı maddi məsələlərlə materialları əldə etməklə onları əməkdaşlığa cəlb edirlər. Ona görə də istər sosial şəbəkələrdə, istərsə də digər yerlərdə şübhəli məqamlar hiss etdikləri zaman bu haqda xidməti orqanlarına məlumat verməli və onları bu cəlbə sövq edənlərə inanmamalıdırlar. Casus dəstələrin ifşa olunmasında xüsusi xidmət orqanlarının peşəkarlığı danılmazdır. Məhz onların peşəkarlığı nəticəsində dəfələrlə bu cür cinayətkar şəbəkələr müəyyən olunub və həbs edilib. Vətəndaşları ayıq olmağa, sosial media üzərindən olan təsadüfi və şübhəli tanışlıqlarda ehtiyatlı olmağa, xaricə səfərlər zamanı təsadüfi təmaslar və tanışlıqlarda ehtiyatlı olmağa va şübhəli hallar olduqda aidiyyəti orqanlara xəbər vermələrini tövsiyyə edirik. Unutmayaq ki, bizim bir vətənimiz var və biz onu qorumalıyıq”.