65 yaşında pensiyaya çıxan müəllimlərimizin dərslərini qeyri-ixtisas sahibləri deyir – Musa Qasımlı

65 yaşı keçmiş müəllimlər pensiyaya çıxandan sonra onların müqavilələrinin müddəti artırıla bilər.

Bunu deputat Musa Qasımlı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

“65 yaşında pensiyaya çıxan müəllimlərimizin dərslərini qeyri-ixtisas sahibləri deyir. İndi sual olunur ki, 65 yaşlı pedaqoq ixtisası daha yaxşı tədris edə bilər, yoxsa qeyri-ixtisas sahibləri? Hesab edirəm ki qeyri-ixtisas sahiblərinə dərslərin verilməsi təhsilimizə ziyan vurur. Düşünürəm ki, həmin şəxslərin müqavilələrinin müddətinin artırılmasında fayda var. Digər tərəfdən praktika iş təcrübəsi demək deyil. 4 illik universitet təhsilinin içində praktika da olur. Müəssisə o qədər tələbəyə necə təcrübə verə bilər? Daha yaxşı olardı ki, təcrübəyə tələbə göndərən universitetlər müəssisəyə ödənişlər etsin”.

Musa Qasımlı qırmızı diplomlu məzunlara güzəştlərin edilməsi məsələsinə də toxunub: “İşə götürəndə insanların diplomlarının rənglərinə baxmırlar. İndi bizdə işlər imtahan yolu ilə həll olunur. Nazirliyə iş üçün müraciət edəndə nazir deməyəcək ki, sən qırmızı diplomla bitirmisən, işə götürək. İşə qəbul üçün şəxsin müəyyən iş bacarıqları olmalıdır”.