Polkovnikə hökm oxundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Zaur Mirzəyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və fotoçəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Zaur Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Zaur Mirzəyevin ittihamı üzrə iki qadın zərərçəkmiş qismində tanınıb.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb.