Deputat: “Sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır”

Ali Avrasiya İqtisadi Şurasının toplantısı Azərbaycan Prezidenti İlham Əliyevlə “söz savaşına” başlamağa cəhd edən, amma nəticədə özünü rüsvay edən Nikol Paşinyan üçün növbəti fiasko oldu. İndi onu ölkəsində də ciddi tənqid edərək, Əliyevin Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etməməkdə ittiham edirlər.

Bu fikirləri  Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

 

Maraqlıdır ki, Moskvadan qayıdar-qayıtmaz hərbi təxribatlara əl atan Paşinyan ənənəsinə sadiq qalaraq, çıxış yolunu bunda görür. Diplomatik masada darmadağın olsa da sərhəddə “uğurlu lokal qələbə” qazana biləcəyini xəyal edir.
Bununla o, həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də iyunun 1-də nəzərdə tutulan Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edirdi. Təsadüfi deyil ki, ötən axşam bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib. Ordumuz tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və iki diversant saxlanılıb.

Ermənistanın Müdafiə Nazirliyi də 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib.

Halbuki əvvəl bu məlumatı təkzib edirdi. Lakin Azərbaycan DSX-nin açıqlamasından sonra fakt etiraf edilib.
Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.
Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar. Təbii ki, onların hədəfi

Azərbaycan hərbçilərini öldürmək olub. İstisna deyil ku, diversiya baş tutsa, onlar Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib dinc vətəndaşları da hədəf götürə bilərdilər.
Görünən budur ki, sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır. Amma bu pozucu cəhdlərin heç bir nəticəsi olmayacaq. Paşinyan reallığı qəbul edib, normallaşmaya getməlidir.