Deputat: “Prezidentin xəbərdarlığından nə qədər tez nəticə çıxarsalar bir o qədər onlar üçün yaxşı olar”

Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq işləri çox mühüm iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də ciddi ideoloji-siyasi məna kəsb edir. Azərbaycan xalqının və dövlətinin sarsılmaz siyasi iradəsini dünyaya nümayiş etdirir.

Bu sözləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Böyük Qayıdış planına uyğun olaraq, qısa müddətdə yüzlərlə məcburi köçkünün öz doğma torpağına qayıtdığını vurğulayan deputat bildirib ki, bu planın reallaşması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Laçın rayonunun xüsusi strateji əhəmiyyətə malik olduğunu qeyd edən S.Məmmədov Vətən müharibəsindən sonra regionda yeni geosiyasi vəziyyətin yarandığını vurğulayıb. Deputatın fikrincə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra bütün Cənubi Qafqazda əməkdaşlıq və sabitlik dövrünün başlanması üçün real əsaslar yarana bilər: “Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışlarında vurğuladığı kimi, bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması üçün indi əlverişli şərtlər mövcuddur. Azərbaycan regionda davamlı sülhün təmin olunmasına yönəlmiş ardıcıl təşəbbüslərlə çıxış edir. Biz münasibətlərin normallaşması üçün bütün mümkün addımları atırıq. Lakin bu, səbrimizin hüdudsuz olduğu demək deyil. Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən, eləcə də müharibədən sonra baş vermiş hadisələrdən dərs çıxarmalıdır”, – deyə Milli Məclisin deputatı əlavə edib.

S.Məmmədov bildirib ki, revanşist fikirlər və ideyalar daha çox Ermənistan üçün təhlükəlidir. Çünki indi regionda tamamilə fərqli reallıqlar formalaşıb. Bu, yalnız Azərbaycan və Ermənistan arasında iqtisadi və hərbi imkanların müqayisəyəgəlməz fərqi ilə bağlı deyil. Cənubi Qafqazın tarixində tamamilə yeni bir mərhələ başlayır. Bu yeni mərhələni 44 günlük müharibənin yaratdığı reallıqlar, eyni zamanda, dünyada gedən mürəkkəb proseslər kontekstində nəzərdən keçirmək, qiymətləndirmək lazımdır. Prezidentin də qeyd etdiyi kimi, “Miatsum” kitabı artıq bağlanıb. Ona görə də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı separatçı rejimin nümayəndələri Azərbaycan Prezidentinin xəbərdarlığından nə qədər tez nəticə çıxarsalar bir o qədər onlar üçün yaxşı olar.

Milli Məclisin deputatı Azərbaycanın güclü və müstəqil bir dövlət kimi öz qarşısına qoyduğu bütün məqsədlərə ən qısa zamanda nail olacağına əminliyini bildirib.