Ötən il 40.6 milyard manat əlavə artım olub

“Dünyada baş verən ümumi böhran fonunda Azərbaycanda 2022-ci il iqtisadi inkişaf baxımından uğurlu olub. Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb, Ümumi Daxili Məhsulun (ÜDM) artımına nail olunub, qarşıda duran hədəflərin icra olunması ilə bağlı müsbət nəticələr əldə edilib”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

“2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub. İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi 133.8 milyard manat təşkil edib. Ümumilikdə ötən il həm neft-qaz sektorunu, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40.6 milyard manat əlavə artım müşahidə olunub. Neftin 1 barelinin qiymətinin 2022-ci ilin dövlət büdcəsində 85 ABŞ dolları ətrafında planlaşdırıldığını, lakin bu göstəricinin 103,6 ABŞ dolları ətrafında olduğunu deyərək, bu artımın da dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərib”,- deyə o bildirib.

Komitə sədri ölkədə 2022-ci ildə orta illik inflyasıyanın 13,9 faiz təşkil etdiyini, inflyasiya ilə mübarizə sahəsində Azərbaycanda bir çox zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, bu istiqamətdə atılan addımların inflyasiyanın mənfi təsirlərinin azalmasına xidmət etdiyini deyib.