Məmurlar sahibkarlara işləmək üçün şərait yaratmırlar

“Ölkəmizdə görülən işlərə və aparılan siyasətə ləkə salanlar, tutduğu vəzifəyə öz obyekti kimi yanaşanlar var. Məmurun vəzifəsi işləmək istəyənə şərait yaratmaqdır ki, o da yaradılmır”.

XALQ.AZ Xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bu gün vergi güzəştləri lazım deyil: “Bunların hamısı ləğv olunsun. Vergi güzəştləri ayrı-ayrı bizneslərə xidmət edir, biznes mühitini yaxşılaşdırmır.

Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı verdiyi sərəncamlar birbaşa icra olunsa, hər şey gül-çiçək olardı. Təəssüflər olsun ki, bu gül-çiçəyin yerinə tikan əkənlər var. Onlar bunu qorxmadan və laqeydcəsinə edir.

Ad çəkə bilmirəm. Çünki ölkəmiz bir sıra məsələlərdən keçir. İndi biz cənab Prezidentə həmişəkindən də çox dəstək olmalıyıq.

Əgər bir şəxs yatırım etmək istəyirsə, ona kömək etmək lazımdır. Çünki dəyər yaratmaq budur. Ümid edirəm ki, bu dəyər ölkəmizdə yaradılacaq”.