Azərbaycanla yaxın dostluq və əməkdaşlıq edən ölkələrdən biri də İsraildir.

Ölkəmizin xarici siyasətinin əsasını dünya ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan bərabər hüquqlu münasibətlərin qurulması təşkil edir.
Bu uğurlu siyasətin nəticəsidir ki, digər ölkələrlə xarici əlaqələrimiz və dostluq münasibətlərimiz daim yüksələn xətt üzrə inkişaf edir.
 Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Emin Hacıyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycanla yaxın dostluq və əməkdaşlıq edən ölkələrdən biri də İsraildir.
Ölkələrimiz arasında dərin tarixi və mənəvi köklərə əsaslanan münasibətlər mövcuddur. Azərbaycanın müstəqillik əldə etməsiylə iki ölkə arasında əlaqələr inkişaf etməyə başlamışdır. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılmış və bu illər ərzində ölkələr arasında siyasi,iqtisadi,mədəni və hərbi sahələrdə sıx əməkdaşlıq əlaqələri yaranaraq sürətlə inkişaf etmişdir. Ulu Öndər Heydər Əliyevin İsrail dövləti ilə siyasi əlaqələrin inkişafına xüsusi diqqəti nəticəsində bu gün Azərbaycanla İsrail beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirən strateji tərəfdaş ölkələrə çevriliblər.
Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin genişlənməsinin göstəricisidir. Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan ilə İsrail dövləti arasında dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur. Onu da qeyd etmək istərdim ki, bu il İsraildə səfirliyimizin açılması yeni əməkdaşlıq üçün geniş imkan yaradacaqdır.
İsrail Prezidentinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə İsrail arasında səhiyyə, tibb elmi sahələrində Əməkdaşlıq planı imzalanıb və enerji, kənd təsərrüfatı və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. İsxak Hersoqun ölkəmizə səfəri və aparılan danışıqlar Azərbaycan-İsrail münasibətlərinin inkişafına öz müsbət töhfəsini verəcəkdir.