Prezident: “Elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpa olunan enerji sahəsində qlobal liderlərdir” – YENİLƏNİB

“Azərbaycanın nəhəng bərpa olunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 giqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın yaşıl enerji əldə etməyə imkan verəcək”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Ümumilikdə saziş və memorandumları nəzərə alsaq, biz artıq 25 giqavatlıq sazişlər imzalamışıq. Əlbəttə, anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq biz elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpa olunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir”.

Prezident qeyd edib ki, imzalanan memorandumların yarısı belə reallaşsa, bu, Azərbaycanın özünün daxili istehlakından iki dəfə artıq olacaq.

***

“Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir – həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq.

“Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır”, – deyə Prezident İlham Əliyev qeyd edib.