“Hər bir insan bu proqnozdan sonra nə edəcəyini bilməlidir” – Rövşən Abbasov

“Daşqın təhlükəli bir hadisədir. Lakin biz ona hazır olmayanda təbii fəlakətə çevrilir”. Bu sözləri Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, təbii təhlükə və təbii fəlakət bir-birindən fərqli anlayışlardır: “Təbii təhlükə fəlakət doğura bilən adi bir təbiət hadisəsidir. Amma biz buna hazır deyiliksə, bu zaman burada əsl fəlakət baş verir və insanlara həm maddi, həm də mənəvi ziyanlar dəyir.

Hava şəraiti ilə bağlı proqnozların verilməsi ilə bağlı problemlər yoxdur. Sadəcə insanlara bu proqnozların çatdırılması ilə bağlı problemlər var. Bu problemlər həll olunmalıdır. Təhlükəli zonada yaşayan insanlara proqnozlar vaxtında verilməlidir. Hava proqnozu yalnız televiziya və radio ilə verilməməlidir. Təcrübə göstərir ki, bu kifayət etmir. Konkret olaraq harada sel və daşqının baş verə biləcəyini araşdırıb yerli əhalini xəbərdar etmək lazımdır. Əhalinin də buna uyğun olaraq müəyyən hazırlıq planları olmalıdır. Yəni, hər bir insan bu proqnozdan sonra nə edəcəyini bilməlidir. İlkin olaraq mal-qara, vacib sənədlər, pul vəsaitləri və bahalı ləvazimatlar təhlükə zonasından çıxarılmalıdır. Hər bir icma və kəndin toplanış yerləri olmalıdır ki, insanlar bura gəlib sığınsınlar”.