Heydər Əliyev gənclər siyasətinin Azərbaycan modelinin yaradıcısıdır

Sonra konfrans “Gənclik” Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan gəncliyinin gələcək müstəqillik mərhələsi üçün yetişməsinə misilsiz töhfələr verən Ulu Öndər 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə gəncliyin inkişafını diqqətdə saxlamış, gənclərlə iş dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Həmin dövrdə gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər davamlı xarakter almış, yaradıcılıq baxımından xüsusi istedadı və idman sahəsində yüksək nailiyyətləri olan gənclərə göstərilən diqqət gücləndirilmişdir. Ümummilli Lider 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyini yaratmaqla müasir gənclər və idman siyasətinin əsasını qoymuş, 1996-cı il fevralın 2-də özünün iştirakı ilə müstəqil Azərbaycan Respublikası gənclərinin Birinci Forumu keçirilmiş, respublika Prezidentinin 1997-ci il 2 fevral tarixdə imzaladığı Fərmana əsasən həmin tarix Azərbaycan Gənc­ləri Günü elan edilmişdir. Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu Öndərimizin müəyyənləşdirdiyi bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə bugünkü gənclik vətənpərvər, dövlətçiliyə sədaqət, xalqa təmənnasız xidmət ruhunda yetişdirilir.

Konfransda çıxıṣ edən qonaqlar sırasında Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Qədir Xəlilov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, ARGTMŞ-nin sədri Azər Əliyev mövzu ətrafında fikirlərini bildiriblər.

Sonda Naxçıvan Dövlət Filarmoniyası tərəfindən Ulu Öndərin sevdiyi və Ona həsr olunmuş mahnılardan ibarət konsert təqdim olunub.