“44 günlük müharibə ilə dünyaya yeni hərb modelini də nümayiş etdirdik…” Jalə Əliyeva

Azərbaycan bu günə qədər bir çox sahələrdə dünyaya nümunə olacaq modellər yaradıb. İstər iqtisadi sahədə, istər sosial sahədə, istər siyasi sahədə, istərsə humanitar sahədə dünyaya bir çox modellər, nümunələr təqdim etmişik. Dünya və regional əhəmiyyətli layihələrə evsahibliyi etmişik. Bunlar hamısı Azərbaycanın uğurları, dövlət başçımızın uzaqgörən siyasətinin töhfələri, bəhrələridir.

XALQ.AZ xəbər verir ki, bunu bir az öncə ATV-də canlı yayında (“Qarabağ Azərbaycandır” proqramında) çıxışı zamanı millət vəkili Jalə Əliyeva deyib.

O, qeyd edib ki, Azərbaycan həmçinin 44 günlük möhtəşəm İkinci Vətən Müharibəsi zamanı hərb modeli yaratdı:

“Biz 44 günlük müharibə ilə dünyaya yeni hərb modelini də nümayiş etdirdik. Bunu təkcə biz demirik, bunu dünyanın aparıcı hərbi ekspertləri, mütəxəssisləri deyir və bundan yararlanmağın vacibliyini vurğulayırlar. Bəli, bu günə kimi, bir çox problemlərimizi həll edə bilmişdik, ancaq yeganə köklü, ağrılı problemimiz kimi, Qarabağ problemi qalırdı. Ancaq güclü, yeni hərb modeli, Azərbaycan Ordusunun, Azərbaycan Əsgərinin gücü, şücaəti ilə bu problemi də həll etdik, 44 günlük müharibə ilə 32 illik münaqişəyə də son qoyduq. Bunlara görə, Ordumuza, Əsgərimizə və Müzəffər Ali Baş Komandanımıza borcluyuq və minnətdarıq. Xalq Ordusunun, Əsgərinin, Ali Baş Komandanının arxasında dayandı, Ordusu da, Əsgəri də, Ali Baş Komandanı da öz xalqına söykəndi və müqəddəs Qələbəsini, Zəfərini əldə etdi”-deyə, millət vəkili sözlərinə əlavə edib.