96 təhsil müəssisəsində təmir işləri həyata keçirilib

2022-2023-cü tədris ilində Baki Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki 96 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, ehtiyac olan ərazilərdə 7 yeni məktəbin (Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahəsi, Kürdəxanı, Xocasən qəsəbəsi, Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanıb.

Bundan əlavə, 1 məktəbdə (320) əsaslı təmir və bərpa gücləndirmə işləri, 2 məktəbdə (87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 1 məktəbdə isə (35) binanın sökülərək yenidən tikintisi həyata keçirilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 məktəbəqədər təhsil müəssisəsində (257, 277, 215, “Çiçək”) əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsinin binası tikilərək istifadəyə verilib. Həmçinin hazırda 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, “A.Məmmədov” adına) təmir işləri aparılır, eyni zamanda 1 məktəbdə (313) əsaslı təmir işlərinə və əlavə korpusun tikintisinə başlanılıb.