Bakıda bağlı qalan yola görə hər gün 20 min manat pul qazanırlar

Yol-1

Təmir işləri ilə əlaqədar aylardı bağlı qalan yoldan hər gün “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi 20 min manata yaxın əlavə pul qazanır.

Mayın 26-dan təmir işləri ilə əlaqədar bağlanılan Bakı Dairəvi avtomobil yolunda işlərin ləng aparılması sürücülərin haqlı narazılığına səbəb olub. Belə ki, yolun əsas hissəsini davam etdirmək istəyən sürücülər məcburi şəkildə  “Sədərək” ticarət mərkəzinin daxili yolundan istifadə edərək, 50 qəpik ödəniş etmək məcburiyyətində qalırlar.

“Azəryolservis ASC”-nin alternativ yol kimi  sürücülərə təqdim etdiyi  Xocasən-Lökbatan yolundanisə demək olar ki, çox az sayda sürücü istifadə edir. Çünki təqdim edilən yoldan  əsas yola çıxmaq üçün 15-20 dəqiqə vaxtı itirmək məcburiyyətində qalırsan.

Yolun iki aydan çoxdur təmirinin ləngidilməsi ilə bağlı isə maraqlı iddialar səslənir. Belə ki,  “Sədərək” Ticarət mərkəzində çalışan sahibkarlar AZXEBER.COM-un əməkdaşı ilə söhbətində yolun iki aydan çox bağlı qalmasını heç də təsadüfi hal hesab etmirlər.

Onlar  yolun təmir-bərpa işlərinin bilərəkdən ləngidildiyini və bununla da çox ciddi pulların qazanıldığını təsdiqləyiblər:

“Hər gün yolun tikintisini müşahidə edirik. Çox maraqlıdır ki, iş saatı 10-dan başlasa da saat 2-3-ə kimi asfalt çəkən maşınları yerindən də tərpətmirlər. Yolun tikintisində işləyən işçilərin çoxu da bunu etiraf edir. Onlar da təsdiqləyir ki, “Azeryolservis”  rəhbərliyi birbaşa Cavid Qurbanovun əmri ilə yolun təmiri ləng həyata keçirilir”.

Sahibkarların sözlərinə görə, “Azeryolservis”  şefi Cavid Qurbanovla ticarət mərkəzinin rəhbərliyi arasında gizli razılaşma var və onlar bilərəkdən yolun gec təmir olunmasına çalışırlar:

“Təsəvvür edin ki, hər gün bu yoldan nə qədər adam keçir və onların hamısı 50 qəpik vermək məcburiyyətində qalırlar. Elə Bakı-Astara yolu ilə yanaşı, “Binə” Ticarət Mərkəzinə də yol buradan gedir. Köşklərdə oturan işçilərin sözlərinə görə, hər gün yolun bağlı qalmasına görə əlavə olaraq 20-30 min manata yaxın kassada pul yığılır. Hələ bu bir günün hesabıdı. İki aya görün bu nə qədər böyük rəqəm edir. Bununla yanaşı “Sədərək”ə alış-verişə gələnlərin sayında da ciddi artım var. Ticarət Mərkəzinin rəhbərliyi bəzi dükanlarda son iki ayda arenda haqlarını da qaldırıb. Nəticə isə göz önündədir”.

Ekspertlər isə hesab edirlər ki, yolun təmirinin gecikməsi birbaşa vətəndaşların ziyanınadır. Əgər hava şəraitinə görə yol təmiri ilə bağlı işlər ləngidilirsə bunu anlamaq olar. Ancaq hava şəraitinin fəsilə uyğun olaraq normal keçdiyini nəzərə alsaq, təmir işləri başa çatmalı idi.

Məsələ ilə bağlı olaraq “Azeryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxladıq. Mətbuat katibi, məlumat verməkdən yayınaraq heç bir əlavə şərh vermək istəməyib.

AZXEBER.COM