Əhəd Abıyev jurnalisti çimərliyə dəvət etdi

Ahad-1
“Yazırlar ki, oğlum 9-cu mərtəbədən yıxılıb, xoşbəxtlikdən yüngül xəsarət alıb. Bu xəbərə yalnız gülmək olar”.
 Bu sözləri Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.
O, bildirib ki, oğlunun intihar etməsi haqda məlumat yalandır: “Gəlsinlər görsünlər, oğlumun bədənində bir cızıq, sıyrıq varmı? Ayıbdır, utansınlar. Uşaq dəniz kənarında istirahətdədir”.
Yayılan bu xəbərlərə cavab olaraq, Ə.Abıyev oğlu ilə birgə Zaqulbada istirahət etdiyini dedi: “Telefonu verirəm İslama, özünüz onunla danışın”.
Əhəd Abıyevin oğlu İslam Abıyev isə musavat.com-a bildirdi ki, barəsində yayılan məlumatlar iftiradır və inanmayan mətbuat nümayəndələri gəlib, onunla görüşə bilərlər: “Zaqulbadayam, atamın yanımdayam. Kim istəsə, gəlib mənimlə görüşə bilər. Bədənimdə heş bir xəsarət yoxdur. Yıxılan adamın bədənində xəsarəti olar, başı yarılar. 9-cu mərtəbədən yıxılana heç nə olmaz?”
İ.Abıyev onu görmək istəyənləri Zaqulbadakı çimərliyə dəvət etdi.
Qeyd edək ki, yayılan məlumatda Ə.Abıyevin 17 yaşlı oğlunun Türkiyədə oteldə 9-cu mərtəbədən yıxıldığı iddia edilirdi.
Xəbərdə bildirilirdi ki, oğlu Ə.Abıyevlə mübahisə edəndən sonra özünü 9-cu mərtəbədən atıb, intihara cəhd edib.