Kürdəmir rayonunda 15 sentyabr “Bilik Günü” münasibətilə yeni istifadəyə verilən Mürtülü kənd tam orta məktəbində geniş tədbir keçirilmişdir.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, rayon ziyalıları, kənd ictimaiyyətinin nümayəndələri, valideynlər, müəllimlər və şagirdlər iştirak etmişlər.
Yeni istifadəyə verilmiş 180 şagird yerlik Mürtülü kənd tam orta məktəbi istilik sistemi ilə təchiz edilmiş, sinif otaqları, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulmuşdur.
Yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri Bayram Məmmədov adına Mürtülü kənd tam orta məktəbin direktoru Binyət Abdullayev son illər rayonumuzda təhsilin inkişafında qazanılan uğurlardan geniş söhbət açmış, təhsilimizin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji ictimaiyyət adından dərin təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Sonra məktəbin 11-ci sinif şagirdi Şamilə Abışova, məktəbin müəllimi Həqiqət Muradova, Mürtülü kənd ağsaqqalı Təvəkkül Qubadov çıxış edərək kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şərait barədə razılıqlarını bildirmiş, onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etmişlər.
Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək kənd sakinlərini salamlamış, yeni məktəbin açılışı münasibətilə onları təbrik etmişdir.
Sonda rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov və digər mərasim iştirakçıları yeni istifadəyə verilən məktəb binasına daxil olaraq kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı və kitabxanada şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.