ABŞ Azərbaycanı öz yolundan döndərə bilməz

Milli Məclis ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar qəbul etdiyi bəyanatda ölkəmizi hədəf alan davranışları şiddətlə qınayıb. Bəyanatda Azərbaycana qarşı irəli sürülən əsassız ittihamların regionda sülhü təhdid etdiyi vurğulanıb. Xüsusilə son dövrlər ABŞ-nin Azərbaycana qarşı ifadə etdiyi qərəzli fikirlər iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə vurmaqla yanaşı, Cənubi Qafqazda yeni müharibə ocağının yaranmasına təkan verir.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, parlamentin ABŞ Senatının Azərbaycana qarşı qəbul olunmuş qərəzli qətnaməsi ilə bağlı bəyanatında ikili standartlara son qoymağın zəruriliyi qeyd olunub. ABŞ senatorları və konqresmenlərinin xüsusilə son dövrlərdə sərgilədikləri davranışlar onların erməni lobbisinin sifarişlərinin icraçısına çevrildiyi göstərir. ABŞ Senatında  ermənilərin ölkəmiz əleyhinə hazırladıqları qətnamələri beynəlxalq hüquqa nə qədər söykəndiyini araşıdırmadan müzakirəyə çıxarmaq və qəbul etmək senatorların ermənilər qarşısında öhdəlikli olduqlarını sübut edir.  Bu, 30 il əvvəl də belə idi, indi də belədir.
“1992-ci ildə, Ermənistanın Xocalı soyqırımını törətdiyi, torpaqlarımızı işğal etdiyi bir vaxtda ABŞ Senatının “Azadlığa dəstək aktı”na 907-ci düzəliş edərək ölkəmizi yardımlardan məhrum etməsi bunun bariz nümunəsidir. Halbuki Ermənistan 80-ci illərin sonunda azərbaycanlıları öz ata yurdlarından güc yolu ilə deportasiya edib, onları etnik təmizləməyə məruz qoyub. O cümlədən 90-cı illərin əvvəllərində 750 mindən çox azərbaycanlını 30 il məcburi köçkün həyatı yaşamağa məhkum edib. Belə olan halda, ABŞ-nin işğalçı Ermənistana haqq qazandırması, ona lazımi dəstəyi verməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir”, – deyə deputat bildirib.
Azər Badamov onu da qeyd edib ki, Azərbaycan 2001-ci ilin sentyabrın 11-də  ABŞ-də törədilmiş terroru pislədikdən sonra bu ölkənin bizə qarşı münasibətində müəyyən qədər yumşalma olub. Lakin buna baxmayaraq, BMT TŞ-nin qəbul etdiyi qətnamələrin icrasında Ermənistana yenə də heç bir təsir göstərməyib. Xüsusilə 44 günlük Vətən müharibəsində zəfər əldə etdikdən sonra isə ABŞ-nin ölkəmizə qarşı münasibəti daha da pisləşib.
Deputatın sözlərinə görə, Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərə etnik təmizlənmə donu geyindirərək Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməklə, ABŞ ermənilərin çirkin əməllərinə şərik olur. Yeri gəlmişkən, ümumiyyətlə, Azərbaycanın ABŞ-nin hansısa yardımına ehtiyacı da yoxdur. Müharibənin başa çatmasından ötən üç ildə Ermənistanın milyonlarla minalarla çirkləndirdiyi ərazilərimiz təmizlənir və təkbaşına yeni yaşayış məntəqələri inşa edərək Böyük qayıdış həyata keçirilir. Azərbaycan bütün işləri suverən ərazilərində icra edir. Burada beynəlxalq hüquqazidd hər hansı addımı müşahidə etmək mümkün deyil.
“İşğaldan azad olunmuş ərazilərimizə iki dəfə səfər edən BMT missiyası da ermənilərə qarşı hansısa təzyiq nişanələrinin müşahidə edilmədiyini bildirib. Lakin ABŞ və Fransa islamofob, ksenofob, antisemitist və ayrı-seçkilik siyasətini üstün tutaraq xristian həmrəyliyi nümayiş etdirir və beynəlxalq hüququ uzun illər ayaq altına atan Ermənistana haqq qazandırmağa çalışırlar. Təbii ki, bunun səbəbi ABŞ və Fransanın Cənubi Qafqazla bağlı xüsusi planlarının olmasıdır”, – deyə müsahib əlavə edib.
Azər Badamov ABŞ senatorlarının absurd bəyanatlarının Azərbaycanı haqq yolundan döndərə bilməyəcəyini vurğulayıb: “Əgər ölkəmiz Naxçıvanla quru yolun İran ərazisindən açılması ilə bağlı planlar üzərində işləyirsə, bunun ABŞ-yə və ya Fransaya heç bir aidiyyəti yoxdur. Görünür, ABŞ və Fransa ölkəmizə təzyiq göstərərək regional lahiyələri Ermənistandan keçirmək istəyirlər. Amma Azərbaycan heç kimin diktəsi ilə oturub-durmur, milli maraqlarımıza uyğun layihələr icra edir”.
Deputat qeyd edib ki, yaxın gələcəkdə Qərbin Azərbaycana baxışlarının dəyişəcəyinə ümid var. Bu, zamanın tələbidir. ABŞ Senatının qərəzli qətnaməsinə qarşı Milli Məclisin qəbul etdiyi bəyanatda da bu məqamlar geniş şəkildə əks olunub.