Adil Əliyev: “Ölkə başçısı Şuşanı mədəniyyətimizin paytaxtı elan etməklə Qarabağa yeni nəfəs verdi”

Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi böyük iradə nəticəsində rəşadətli Ordumuz 30 illik Ermənistan təcavüzünə birdəfəlik son qoydu. Uzun illərdir erməni işğalı altında qalan əzəli torpaqlarımız düşməndən təmizləndi. İndi isə işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs gəlməsinin vaxtıdır. Bu məqsədlə bu il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə 2,2 milyard manat vəsait nəzərdə tutulmuşdur.
Təəssüflə deyə bilərik ki, Ermənistan təkcə işğalçılıq siyasətini həyata keçirməyib, eyni zamanda işğal altında olan ərazilərimizdə vandallıq və barbarlıq edərək bütün maddi və mənəvi obyektləri məhv etmiş, sıradan çıxarmışdır.
İşğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Ölkə başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Şuşa şəhəri mübaliğəsiz Azərbaycan mədəniyyətinin beşiyidir. Bu şəhər bir çox Azərbaycan ziyalılarının, o cümlədən şairlərin, yazıçıların evi olmuşdur. Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və görkəmli opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Xurşidbanu Natəvanın evi erməni təcavüzkarları tərəfindən yandırılmışdır. Heç şübhəsiz, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı sürətləndirəcəkdir.
Azərbaycan mədəniyyəti həm Şərqin qədimliyini, həm də Qərbin müasirliyini özündə ehtiva edən mədəniyyət nümunəsidir. Şuşa isə Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Şuşada Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması isə böyük əhəmiyyətə malikdir. Xarı bülbül Qarabağımızın rəmzi olmaqla yanaşı, qələbəylə bitən Zəfərimizin də artıq rəmzidir. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir!
Multukulturalizm siyasətinin ölkəmizdə dövlət səviyyəsində həyata keçirilməsi, tolerantlıq və birgəyaşayış nümunələrinin mövcudluğu öz uğurlu nəticəsini verdi. Vətən müharibəsi dövründə Ermənistan hökumətinin bu müharibəni dinlərarası müharibə kimi göstərmək cəhdinə baxmayaraq, dilindən, dinindən, milliyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yaşadığı ərazinin öz doğma torpağı olmasını bir daha nümayiş etdirdi.
Ermənistan işğal altında olan məscidləri dağıdarkən, dini ziyarətgahlarda talançılıq siyasəti apararkən, onlardan tövlə kimi istifadə edərkən, bunun tam əksi olaraq ölkəmizdəki kilsələr, digər dini məbədlər qorunub, bütün dinlərin bərabər inkişafı üçün lazımi şəraitb yaradılıb. Təəssüflə qeyd etmək lazımdır ki, heç bir beynəlxalq təşkilat ermənilər tərəfindən dağıdılan müsəlman abidələri ilə maraqlanmadı, düşmənin dini və mənəvi dəyərlərimizə qarşı apardığı barbar və vandal siyasəti qınamadı. İşğaldan azad edilmiş ərazilərimizdə bütün dini abidələrimizin, ziyarətgahlarımızın tezliklə bərpa olunması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər həyata keçirilir.
Artıq Qarabağımıza uzun illərdir gözlənilən yeni nəfəs gəlir. Xalqımızın qəlbində uzun illər bir yara kimi hər gün qanayan Qarabağ nisgili başa çatmışdır. Artıq xalqımız öz qədim tarixinə, əzəli-əbədi torpaqlarına qovuşub. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Şuşa, Kəlbəcər, Laçın və işğaldan azad olunmuş bütün torpaqlarımızda genişmiqyaslı quruculuq, abadlıq işlərinin aparılması dövlətimizin bu sahəyə böyük önəm veridyinin bariz nümunəsidir.
Şuşamızda keçirilməsi planlaşdırılan mədəni tədbirlər artıq xəyal deyil. Xalqımızın ülvi arzularını reallaşdıran Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna eşq olsun!