Aeroporta gediş-gəlişlə bağlı inanılmaz – Plan

Bakının şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı Tədbirlər Planı hazırlanır.

Xalq.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, şəhərətrafı dəmir yolu xəttinin təmir və tikintisi barədə layihələndirmə işləri aparılır: “Bu günlərdə prezident İlham Əliyev “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur. Hazırda apaşdırma, layıhələndirmə işləri aparılır”.

Sevinc Qədirova bildirib ki, Bakı-Yalama, Bakı-Şirvan, Bakı-Sumqayıt istiqamətində elektrik qatarları işləyir: “Gələcəkdə Bakı-Gəncə-Bakı istiqamətində də elektrik qatarlarının istifadəyə verilməsi planlaşdırılır və sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi nəzərdə tutulub. Hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır. Bakı-Zabrat-Sumqayıt istiqamətində 49 km uzunluğunda dəmir yolu təmir olunub.

2018-ci ilin sonuna qədər əks-istiqamətdə də yolların əsaslı təmirinin başa çatdırılması nəzərdə tutulur. Bundan sonra yəqin ki, Bakıdan Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayi, Saray və Sumqayıt istiqamətində də elektrik qatarları işləyəcək”.

Qurumun rəsmisi qeyd edib ki, Bakı ətrafında 23 dəmir yolu stansiyası tikiləcək: “Ümumilikdə 107 km yol yenidən qurulacaq. Genişləndirilən Bakı-Sumqayıt dairəvi dəmir yolunun bir hissəsi Dübəndiyə qədər uzadılacaq. Genişləndirmə işləri Bakıxanov, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayi, Novxanı və Sumqayıt istiqamətində olacaq. Əks istiqamətdə isə Maştağa dairəvi yolunda yerləşən bağlar stansiyasına qədər, Dübəndiyə (Zirənin yaxınlığı) qədər, həmçinin Binə qəsəbəsi – Hava Limanına qədər genişləndiriləcək”.