Ağstafada şəhidimiz anıldı

Ağstafanın Poylu kəndindən olan Vətən müharibəsi şəhidimiz, sərhədçi-gizir Məhəmmədəli Bayram oğlu Ələkbərovun xatirəsinə yaradılmış abidə-bulaq kompleksinin açılışı olub, şəhidimizin əziz xatirəsi ehtiramla anılıb.

XALQ.AZ xəbər verir k, tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov,şəhidimiz ailə üzvləri döyüş yoldaşları iştirak ediblər.

Şəhidin xatirəsinə yaradılmış abidə-bulaq kompleksində davam edən anım mərasiminə qatılanlar 2014-cü ildə Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul olunan Məhəmmədəlinin xidməti fəaliyyəti müddətində çalışqanlığı, intizamı ilə seçildiyini, qazandığı bilik və bacarıqlarını Vətən müharibəsinin ilk günündən döyüş meydanında məharətlə nümayiş etdirdiyini bildiriblər. Zəngilan şəhərinin azad olunması uğrunda əməliyyatlarda düşmən postlarının ələ keçirilməsində Məhəmmədəlinin xüsusilə fərqləndiyi, düşmənin əks-hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu qeyd edilib.

Sərhədçi şəhid Məhəmmədəli Ələkbərovun döyüş şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə onun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğu vurğulanıb.

Gizir Məhəmmədəli Ələkbərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi, ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.