Aİ-nin Ermənistandakı missiyasının rəhbəri: “Planlarımızı həyata keçirməyə yaxınıq”

Bu gün Qafanda Aİ-nin Ermənistandakı müşahidə missiyasının əməliyyat mərkəzi açılıb.

Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter çıxışında guya bu mərkəzin açılmasının Zəngəzura sülh gətirməsini arzuladığını bildirib.

“Zəngəzurda ilk əməliyyat mərkəzinin açılışını alqışlamaqdan xoşbəxtəm. Planımıza əsasən, biz Ermənistanda 6 əməliyyat mərkəzinə malik olmaq niyyətindəyik və demək olar ki, planlarımızı həyata keçirməyə yaxınıq. Biz Ermənistanda işə başlayanda cəmi iki daimi işçimiz var idi. İndi məmnuniyyətlə demək istəyirəm ki, artıq 90 işçimiz var. Daimi iş mərkəzlərimiz Aşağı Qaranlıq, Gorus və İstisuda yerləşir. Bu gün biz Qafanda mərkəz açırıq, ondan sonra Karvansara və Keşişkənddə mərkəzlər açmaq niyyətindəyik.

Qafandakı mərkəz hərbi baxımdan çox önəmlidir, vəziyyətlə yaxından tanış olmağa, hesabat verməyə imkan verəcək. Bu, həm də müşahidəçilərimizə hərəkət məsafəsini azaltmağa imkan verəcək. Ümid edirəm ki, bizim burada olmağımız sülh prosesinə töhfə verəcək”, – deyə o bildirib.

Öz növbəsində, Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbərinin müavini Yan Beşinqer qeyd edib: “Biz başa düşürük ki, bu regionda vəziyyət asan deyil və bu mərkəzin açılması bizə vəziyyəti müşahidə etmək, nəzarət etmək, bu regiona sabitlik, təhlükəsizlik və sülh gətirmək imkanı verəcək”.

O, həmçinin əlavə edib ki, biz yeni missiyaya, “Avropa komandası” adlı təşəbbüsə başlayırıq və indiyədək təxminən 116 milyon avro dəyərində 42 layihə həyata keçirilib.