“Albaniya Azərbaycanın olmadığı təşkilatlarda da ölkəmizi dəstəkləyir” – Deputat

“Bu gün Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin sürətlə, eyni zamanda da effektiv şəkildə inkişaf etdiyi ölkələrdən biri də Albaniyadır. Xüsusilə son iki ildə ölkələrimiz arasında dövlət başçıları və nazirlər səviyyəsində təmasların daha da artması diqqəti cəlb edir. O cümlədən Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyul ayının 7-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi və möhkəmlənməsi baxımından böyük önəm kəsb edir. Dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu məqamı xüsusi olaraq vurğuladı və bildirdi ki, qarşılıqlı səfərlərin intensivliyi iki ölkə arasında əlaqələrin nə qədər sıx, dialoqun nə dərəcədə fəal olduğunu nümayiş etdirir. Qeyd olunmalıdır ki, ötən il cənab Prezident İlham Əliyevin Albaniyaya səfərindən sonra Azərbaycan parlamenti Tiranada səfirlik açmaq barədə qərar qəbul etdi. Eyni qaydada Albaniya da 2023-cü ildə Bakıda səfirliyin açılması ilə bağlı analoji qərar qəbul etdi. Şübhəsiz, bu iki qərar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq, artıq mükəmməl olan əlaqələri, yüksək səviyyəli siyasi dialoqu daha da gücləndirəcək, eləcə də iqtisadi əməkdaşlığı və digər məsələləri daha da təşviq edəcək.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Həmçinin deputat qeyd edib ki, Azərbaycan ilə Albaniyanın beynəlxalq təşkilatlarda bir-birilərinə verdikləri dəstək ölkələrimizin mövqelərinin güclənməsinə önəmli töhfələr verir: “Möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan və Albaniya beynəlxalq təşkilatlarda fəal çalışır, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birilərinə dəstək verirlər. Xüsusilə təqdirəlayiq bir haldır ki, Albaniya Azərbaycanın olmadığı təşkilatlarda da ölkəmizi dəstəkləyir. Öz çıxışında bu məqamı da xüsusi qeyd edən cənab Prezident İlham Əliyev ötənilki Frankofoniya Sammitində Albaniyanın Azərbaycana verdiyi dəstəyi bir daha diqqət mərkəzinə gətirdi. Məsələ bundadır ki, o vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə anti-Azərbaycan mahiyyəti daşıyan bir bənd əlavə etdirməyə cəhd göstərmişdi. Həmin sammitdə məhz Albaniya həmin bəndi bloklayan ölkə oldu. Əlbəttə ki, bu addım ölkələrimiz arasında səmimi dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu.”

Öz fikirlərini davam etdirən A.Naxçıvanlı Azərbaycan ilə Albaniya arasında iqtisadi əməkdaşlığın geniş perspektivləri olduğunu da vurğulayıb: “Məlumdur ki, bu günə qədər Azərbaycan-Albaniya əməkdaşlıq əlaqələri əsasən enerji sektoruna aid olub. Əlbəttə ki, bu əməkdaşlıq həm ölkələrimiz üçün, həm də çox sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün böyük əhəmiyyət kəsb edir. Albaniyanın ərazisindən keçən boru kəməri əslində Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından müstəsna önəm daşıyır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Bu baxımdan da Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. Mətbuata bəyanatla etdiyi çıxışında Albaniya Prezidenti də ölkələrinin TAP-dan həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından faydalarının çox olduğunu xüsusi vurğuladı. Bununla belə ölkələrimiz arasında digər sahələrdə də iqtisadi əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Cari ilin may ayında Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun keçirilmiş iclası digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Bu səbəbdən, bu işçi qrupun əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair əldə olunmuş razılıq da konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümü kimi qiymətləndirilə bilər”, – deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.