“Aldadılan, evi sökülən, pulu yeyilən vətəndaş” – Şikayət

Qanunsuz tikililərə verdiyi icazə, torpaq satışı ilə məşhurlaşan və ad qazanan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qurbanları durmadan artır. Artıq neçənci dəfədir ki, icra başçısının qanunsuz olaraq vətəndaşa satdığı və rüşvət müqabilində inşasına göz yumduğu tikili qanuni olmadığı üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülüb. Burada torpağı satan A.Fərzəliyev olduğu üçün qazanan odur. Aldadılan, evi sökülən, pulu yeyilən isə vətəndaş.

Bütün bunlar azmış kimi indi də Fərzəliyevin fərasətsizliyi üzündən torpaq alan vətəndaşlarla banklar üz-üzə qalıb. Avqust ayında Abşeron İH başçısının qanunsuz olaraq satdığı torpaq üzündən iki vətəndaşla bağlı bankda iddia qaldırılıb.
Onlardan biri Bəylər Məmmədovdur ki, ona qarşı irəli sürülən ittihamın səbəbi Abşeron rayon ərazisində apardığı tikintidir. Hazırda Abşeron Rayon Məhkəməsində B.Məmmədovun işinə baxılır. Tələb, qanunsuz tikilinin sökülməsidir.

Digər iddia isə Həsənov Aqşinə qarşı qaldırılıb. “Unibank” Abşeron ərazisində aparılan qanunsuz tikilinin sökülməsi üçün məhkəməyə müraciət edib.

Bu işin də mahiyyəti torpaq mübahisəsi, qanunsuz tikilinin sökülməsidir.
İşə Abşeron Rayon Məhkəməsində hakim Elçin Kazımovun sədrliyi ilə baxılacaq.