Almaniyada Azərbaycan Şahmat Klubu yaradılıb

Sahmat

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evi (AAME)  azyaşlılardan ibarət “Bakı” Şahmat Klubunu yaradıb. Kluba əsasən Almaniyada yaşayan və  bu ölkənin müxtəlif şahmat klublarında çıxış edən soydaşlarımız, eləcə də digər xalqların  nümayəndələri daxildir.

AAME-nin icraçı direktoru Rəşad Quliyevin verdiyi məlumata görə, təşkilatın məram və  məqsədlərinə uyğun olaraq, Azərbaycanın tanıdılması istiqamətində atılan bu addımın  uğuru müxtəlif yerli dairələrdə geniş əks-səda doğurub. R.Quliyev deyib: “Kluba şahmat          üzrə Şimali Reyn-Vestfaliya, Leverkuzen çempionu, bir çox beynəlxalq turnirlərin qalibi İdris Əsədzadəni və soydaşlarımızı cəlb etməklə Almaniya Şahmat Federasiyasının da marağına səbəb olmuşuq. Azərbaycanda idmanın bu növü üzrə ənənənin Almaniya şahmatına da töhfə verəcəyini bildirən Federasiyanın bölgə nümayəndələri bu addımımızı sevinclə qarşılayıblar”.

İcraçı direktor vurğulayıb ki, AAME olaraq kluba binamızda geniş yer vermişik. Burada klub üzvləri üçün həm dərs-məşğələ otaqları, həm də kiçik turnirlər üçün şərait yaradılıb. Klubu şahmat taxtaları, lövhəsi, müxtəlif materiallarla təmin etmişik. Beynəlxalq dərəcəli şahmatçılar – uşaqlardan ibarət İtaliya milli komandasının baş məşqçisi Fernando Braqa və Şimali Reyn-Vestfaliya üzrə müəllim Tomas Mixalçak kluba məşqçi kimi dəvət ediliblər.

Rəşad Quliyev qeyd edib ki, bəzi çatışmazlıqların aradan qaldırılması ilə bağlı kömək üçün Azərbaycan Şahmat Federasiyasına müraciət olunub.