“Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, qeyri-neft sektorumuz 3 faizdən çox genişlənib” – Deputat

Azərbaycan uğurlu inkişafını bu ilin ötən dövründə də davam etdirib. Artıq cari ilin altı ayı arxada qalıb və müəyyən yekunlar haqqında danışmaq mümkündür. Qarşıya qoyulan məqsədlərə, hədəflərə çatmaq üçün görülən işlərin icrası yüksək səviyyədə təmin olunub. O cümlədən ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində yaxşı nəticələr əldə olunub, iqtisadi və sosial sahələrdə islahatlar intensiv şəkildə davam etdirilib. Bütövlükdə, altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, qeyri-neft sektorumuz 3 faizdən çox genişlənib, qeyri-neft sektorunun sənaye sahəsi isə 6,5 faiz artıb. Ötən altı ayda Azərbaycanın uğurlu inkişafını ölkənin maliyyə vəziyyətinin böyük dərəcədə yaxşılaşmasının timsalında da izləmək mümkündür.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, hazırda dünyanın ayrı-ayrı ölkələrində mənfi xarici təsirlərin nəticəsi olaraq kəskin maliyyə böhranının yarandığını müşahidə edirik. Ağır pandemiya şəraitindən, 44 günlük müharibədən çıxan respublikamızda bütün layihələrin icrasına lazımi qədər vəsait yönəldilir, əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanan yeni sosial təşəbbüslər irəli sürülür. Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı diqqəti bunun səbəblərinə yönəldib.

Deputatın sözlərinə görə, dürüstləşmə zamanı büdcəyə bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manatı isə ölkənin hərbi potensialının gücləndirilməsinə istiqamətləndirilib. Dürüstləşdirmə zamanı büdcəyə cəlb olunan vəsaitin mütləq əksəriyyətinin qeyd olunan bu iki istiqamətə yönəldilməsi isə təsadüfi deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir. Vətən müharibəsi böyük Zəfərlə başa çatdıqdan sonra qalib Azərbaycanın həyatında yeni bir səhifə açılıb. Belə ki, ölkəmiz üçün müsbət reallıqlarla səciyyələnən indiki mərhələdə hədəflərimiz dəyişib. İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu ilə paralel şəkildə, şəhər və kəndlərin bərpası da həyata keçirilir. Ötən il Böyük Qayıdışın ilk müjdəsi verildi – Zəngilan rayonunda Ağalı kəndinə sakinlər köçürüldü. İşğaldan azad edilmiş digər ərazilərdə də yaşayış məntəqələrinin bərpası geniş vüsət alıb. Bu il isə Talış kəndinə və Laçın şəhərinə keçmiş məcbur köçkünlərin qayıdışına start verildi. İndiyə qədər dövlətimizin başçısı tərəfindən 30-dək yaşayış məntəqəsinin təməli atılıb. Azad olunmuş ərazilərinin bərpasının daxili imkanlar əsasında həyata keçirilməsi dövlətimizin iqtisadi gücünün parlaq göstəricisidir.

“Müşavirədə dövlətimizin başçısı ekoloji problemlərə də toxunub. Hazırda Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsi Espo Konvensiyasının tələblərinə ziddir. Azərbaycan həm rəsmi, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ermənistanın məqsədi həmin zavodun tullantılarını Araz çayına axıtmaqla Azərbaycana qarşı ekoloji terror törətməkdir. Çünki zəhərli tullantıları çaya axıtmaqla həm insanlarımızı, həm də digər canlıları zəhərləmiş olacaqlar. Buna görə də, beynəlxalq birlik Ermənistanın növbəti ekoloji terrorunun qarşısını almalıdır. Müşavirədə Prezident İlham Əliyev Gədəbəydə baş verən hadisələrə də toxunaraq deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ən azı səhlənkarlığı nəticəsində xarici şirkət təbiətimizi zəhərləyib. Ölkə Prezidenti bununla bağlı problemlərin ciddi şəkildə araşdırılması üçün müvafiq qurumlara tapşırıq verib. İmkan vermək olmaz ki, füsunkar təbiətə malik olan ərazilərimiz ciddi ekoloji problemlər yaşasın. İnanırıq ki, dövlətimizin başçısının bu tapşırığından sonra müvafiq qurumlar lazımi tədbirlər görəcəklər. Eyni zamanda, vətəndaşlar da öz problemlərini sivil qaydada müvafiq orqanlara çatdırmalı, hansısa təxribatlara uyub qanunsuz davranışlara yol verməməlidirlər”, – deyə Pərvin Kərimzadə vurğulayıb.