“Amerikasayağı demokratiya” nə deməkdir

İyulun 28-də ABŞ-ın nüfuzlu “New York Times” qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ilə bağlı tənqidi məqalə dərc olunmuşdur.

Məqaləyə əsasən, Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə etmiş, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparmışdır. Məqalədə həmin insidentin video-görüntüləri də yer alır. Polis saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı dəlillər təqdim etməmişdir.

Məsələ ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olmuşdur. “Maraqlıdır ki, hər zaman demokratiya, insan haqları kimi özünü simvollaşdıran və bu yolla dünyanı manipulyasiya edən bir dövlət bu gün irqi ayrıseçkilik zəminində cinayətlərin törədilməsinə mane ola bilmir. Digər tərəfdən isə öz ölkəsində demokratiyanı bərqərar edə bilməyən, insan hüquqlarını təmin edə bilməyən, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilməyən Amerika başqalarına demokratiya, insan hüquqları, hüquqi dövlət haqqında mühazirələr söyləyir, yol göstərir. Bir sözlə, “demokratiya” dərsi keçir”.

Bu sözləri XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib. Deputat açıqlamasında qeyd edib ki, Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi.

Dəfələrlə olduğu kimi, yenə də ABŞ-da dövlətin vətəndaşlara qarşı ədalətli, hüququn prinsiplərinə əsaslanan münasibətini deyil, əksinə, zorakılıq və güc tətbiq etməkdən çəkinməyən necə deyərlər “əsl demokratik” yanaşmasının şahidi olduq. Təəssüf ki, dünyanın sözdə humanizm, insan haqları, demokratiya, söz azadlığı paylayan dövlətləri, beynəlxalq təşkilatları sanki bunların heç birini görmür, insanların haqq-ədalət axtarışına biganə münasibət göstərirlər. Bütün bunlar göstərir ki, ABŞ başda olmaqla qərbin aparıcı dövlətləri ikili standartlar siyasətlərini həyata keçirdirlər. Eyni zamanda deputat bildirib ki, Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir. Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. Halbuki ABŞ-ın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər gedə bilir. Əslində hamı çox gözəl bilir ki, Amerikada sadə xalqa qarşı bu irqçi münasibət hər zaman olub. Buna baxmayaraq, ABŞ rəsmiləri öz gözlərindəki tiri görmür, başqalarında tük axtarırlar. ABŞ-ın bəzi dairələrinin ölkəmizdə polisin qanuni hərəkətlərini pisləməsi, amma özlərində ciddi qanun pozuntularına ciddi-cəhdlə haqq qazandırmaqları ölkəmiz haqqında mənfi fikirlərin formalaşmasına yönəlmişdir. Əlbəttə, bura da Amerikadalı ermənipərəst və üçüncü ölkələrin də Azərbaycana qarşı çirkin kompaniyasının izləri də görünür. Ona görə də Azərbaycana qarşı ədalətsiz münasibəti qətiyyətlə pisləyirik.

Deputat qeyd edib ki, son zamanlarda baş verən hadisələri dərindən təhlil etdikdə görürük ki, ABŞ və onun kimi digər böyük dövlətlərin başqalarına münasibətdə nümayiş etdirdikləri ikilistandartların, qeyri-adekvat münasibətlərin əsl səbəbi onların özündə həmin problemlərin mövcud olmasıdır. Necə deyərlər, daxildə problem yaranmasının qarşısını almaq üçün, problemi öz sərhədlərindən süni şəkildə uzaqlaşdırırlar. Fikrimi ümumiləşdirmək üçün deməliyəm ki, hazırki vəziyyətdə Amerikanın başqa dövlətlərə demokratiya, söz azadlığı, insan hüquq və azadlıqlarından mühazirə oxuyub, yol göstərməsi onun “Amerikasayağı demokratiya”sının tragikomik nümayişindən başqa bir şey deyil. Azərbaycanı heç bir kənar qüvvə, heç bir təyziq tutduğu demokratiya, haqq-ədalət yolundan döndərə bilməz.