Anar Kərimovdan ilk açıqlama: “İslahatlar zəruridir”

Dövlət başçısının islahatlar kursuna uyğun olaraq Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə, xüsusilə regionlarda mədəniyyət işinin təşkili ilə bağlı islahatlar zəruridir.

XALQ.AZ-ın məlumatına görə, bunu Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov nazirliyin kollektivinə təqdim edilərkən deyib.

Onun sözlərinə görə, dövlət başçısının və Mehriban xanım Əliyevanın nazirliyin fəaliyyəti, mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı ona müvafiq tapşırıq və tövsiyələri olub.

Gələcək fəaliyyətini bu tapşırıq və tövsiyələr istiqamətində quracağını deyən Anar Kərimov bildirib ki, UNESCO-da çalışdığı 10 ilə yaxın müddətdə Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edib. Bunun üçün bütün sahələr üzrə mövcud vəziyyət təhlil edilməli, müfəssəl araşdırmalar aparılmalı, o cümlədən beynəlxalq təcrübə öyrənilməli və müvafiq təkliflər rəhbərliyə təqdim edilməlidir.

Anar Kərimov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir və eyni yanaşma mədəniyyət sektorunda da tətbiq olunmalıdır. Vurğulayıb ki, öz fəaliyyətində hər zaman dörd prinsipi – dövlətçilik, məsuliyyət, şəffaflıq və ədalət prinsiplərini rəhbər tutaraq, gələcək fəaliyyətində bu prinsiplərə riayət edəcək.