“Artıq bir əsrdir ki, türk ordusu zəfərlə qoşa addımlayır” – Cavanşir Feyziyev

Bu gün Türkiyədə Zəfər bayramı qeyd olunur. Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd edilən bu tarix Birinci Dünya müharibəsindən sonra türk xalqının tarixində böyük rol oynamış Mustafa Kamal Atatürkün öndərliyində Milli Ordunun yaranması və onun Türkiyənin xilası üçün apardığı amansız döyüşlərdə qazandığı tarixi zəfərləri ilə bağlıdır.

Bu sözləri  Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Deputat bildirib ki, Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin parçalanaraq işğalçı ölkələr arasında bölüşdürülməsinin qarşısını almaq üçün türk vətənpərvərləri böyük sərkərdə Mustafa Kamal Atatürkün ətrafında birləşərək Türkiyəni xilas etmək və Cümhuriyyət yaratmaq üçün ölüm-dirim savaşına girişib. 1922-ci ilin avqustun 26-da başlayan “Baş komandanlıq meydan müharibəsi” 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnib. Bu qələbə ilə Türk Ordusu işğalçı orduların ölkə hüdudlarından kənara çıxarılmasına nail olub. Bu tarixi hadisə yenicə dağılmış qocaman bir imperiyanın qalıqları üzərində Türkiyə Cümhuriyyəti yaradılmasının ilk şərti, ilk addımı və ilk böyük qələbəsi idi. Daha sonra Türkiyənin varlığını bütün dünyaya qəbul etdirən möhtəşəm Çanaqqala Zəfəri dünya hərb tarixinin ən parlaq səhifələrindən biri kimi tanınıb. 1923-cü ildən başlayaraq 30 avqust tarixi Türkiyə torpaqlarının geri alındığı gün kimi qeyd olunmağa başlayıb. İlk illərdə Ankara, İzmir və Afyonqarahisar şəhərlərində qeyd edilən bu tarix 1936-cı ilin may ayında Türkiyə Cümhuriyyətinin rəsmi dövlət bayramı elan olunub. Bu tarix böyük Atatürkə, onun məsləkdaşlarına və Türkiyənin azadlığı və müdafiəsi üçün canlarını qurban vermiş bütün şəhidlərin ruhuna sonsuz ehtiramın ifadəsidir.

“Bu gün Türkiyə 100-cü Zəfər bayramını qeyd edir. Artıq bir əsrdir ki, türk ordusu zəfərlə qoşa addımlayır. NATO-nun ikinci ən böyük ordusu kimi tanınan Türk Ordusu təkcə Türkiyə ərazisində deyil, dünyanın bir çox bölgələrində sülhün təminatçısı və ədalətsizliklə, hərbi-siyasi təzyiqlərlə üzləşən bir çox xalqların təhlükəsizliyinin zəmanətidir. Türkiyə Cümhuriyyəti 100-cü Zəfər bayramını milli hərb sənayesində əldə etdiyi möhtəşəm nailiyyətlərlə qeyd edir. İnnovativliyi, səmərəliliyi və praktiki nəticələri ilə dünyanı heyrətə gətirən Bayraktar PUA-ları türk hərbi sənayesini dünya hərb sənayesinin əsl bayraktarına çevirib. “Baykar” şirkətinin “Akınçı” və “Qızıl alma” kimi son layihələri isə texniki parametrlərinə və tətbiqi özəlliklərinə görə onu dünya PUA sektorunun liderinə çevirməkdədir. Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı ərəfəsində verdiyi açıqlamalar türk hərb sənayesinin ballistik raketlərin istehsalı sahəsində də böyük uğurlara imza atdığını təsdiq edir. Türkiyədə istehsal olunan orta və uzaq mənzilli ballistik raketlərin uğurlu sınaqları son illərdə qardaş ölkənin hərbi qüdrətinin hansı zirvələrə yüksəldiyini göstərir”, – deyə deputat vurğulayıb.

Cavanşir Feyziyevin sözlərinə görə, bütün bunlar 100 il əvvəl qazanılmış möhtəşəm zəfərlərin daimi və davamlı olmasını təmin edir. Türkiyə Cümhuriyyətinin öz siyasəti, iqtisadiyyatı, sənayesi və ordusu ilə birlikdə daim inkişafda və yüksəlişdə olması bütün dünya türklüyünün sülh və təhlükəsizlik şəraitində yaşayıb yaratması üçün ən etibarlı təminat və ən böyük zəmanətdir. Ona görə də Türkiyənin Zəfər bayramı hər bir türk xalqı və dövləti üçün də Zəfər bayramıdır. Bu tarix bütün Türk dünyası üçün qürur və şərəf tarixidir. Zəfər bayramınız mübarək!