“Artıq bunun teatr səhnəsi olduğunu dünyada hər kəs bilir” – Musa Quliyev

“Ermənistanın Qarabağdakı ermənilərin guya aclıq çəkdikləri və onlara ərzaq yardımı etmək şousu bir müddətdir ki, davam edir. Artıq bunun teatr səhnəsi olduğunu dünyada hər kəs bilir. Ermənistanda olan bəzi siyasi qüvvələrin, o cümlədən onların xaricdə olan havadarlarının bu məsələdə özəl maraqları var və fərqli bəyanatlar veriblər. Amma bütün dünyaya bəllidir ki, bu şoudan başqa bir şey deyil. Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanısa belə, bu cür şoular göstərərək, vəziyyəti dəyişmək istəyirlər”. Bu sözləri   millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, bu sülh müqaviləsini də bu şəkildə imzalayacağı deməkdir: “Onda göstərilən şoulara nə gərək var ? Təbii ki, buradan da Ermənistanın özünün müstəqil qərar qəbul etmədiyi açıq-aşkar görünür.

BMT-ə müraciət edilib-edilməməsi isə bizi o qədər də maraqlandırmır və narahat etmir. BMT-nin əslində yenidən təşkil olunması və səlahiyyətli orqana çevrilməsinə ehtiyac var. 30 ildən çox müddətdə Qarabağ əraziləri işğalda idi və bu ərəfədə BMT 4 qətnamə qəbul etdi. Amma bu qətnamələrin heç biri yerinə yetirilmədi. Belə olan halda BMT Azərbaycana nəsə deyə bilməz.

Rusiya sülhməramlıları öz vəzifələrini müəyyən qədər yerinə yetirməyə başlamalıdırlar. Xankəndi-Ağdam yolunun işə düşməsi üçün fəaliyyət göstərməlidirlər. Digər bir tərəfdən Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələri oradan çıxmalıdır. Bunu sülməramlıların təmin etmədiyi təqdirdə, Azərbaycan silahlı qüvvələri təmin etməlidir. Bununla bu proses yekunlaşmalıdır. Çünki oradakı silahlı qüvvələri mülki erməni əhalisini təhrik edir və təhdid altında saxlayır. Lakin Ermənistan Azərbaycanın nə qədər güclü bir dövlət olduğunu unudur”.