Deputat: “Artıq şərtləri Azərbaycan diqtə edir”

Məşhur Məmmədov: “Ermənistanın bir yolu var: Keçmişə yox, gələcəyə baxmaq”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü Məşhur Məmmədovun  müsahibəsini təqdim edirik

– Məşhur müəllim, Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Soçiyə işgüzar səfərə gedib. Bu səfərdən gözləntiləriniz nədir?

– İlk növbədə onu qeyd etmək istəyirəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda əhəmiyyətini artırıb. Təsadüfi deyil ki, məhz bu qələbədən sonra ölkəmizin bilavasitə iştirakı ilə regional iqtisadi layihələrin həyata keçirilməsi məsələsi gündəmə gəlib. Burada haşiyəyə çıxaraq bir məqama diqqət çəkmək istəyirəm ki, Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan regional strateji iqtisadi layihələrin hər birində xüsusi yer alıb. Yəni, bu siyasət uzun müddətdir davam etdirilir və sadəcə son dövrlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Müharibə dövründə və ondan sonra Cənab Prezident xalqa müraciətləri və həm yerli, həm də xarici mətbuata müsahibələri zamanı bir məqamın üzərində xüsusi dayanırdı. Dövlət başçımız deyirdi ki, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddət ərzində bu ərazilərdə ekoloji terror həyata keçirilib. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz xarabalığa çevrilib, daşı daş üstündə qoymayıblar. Lakin əlavə edirdi ki, bu ərazilər abadlaşacaq, onlara həyat gələcək. Bu kifayət qədər ciddi bəyanat idi. Halbuki, düşmən bu əraziləri xaraba qoyarkən, ümumiyyətlə həmin rayonları yer üzündən silmək istəyirdi.

Təbii ki, müharibədən sonra bütün mənalarda üstünlük Azərbaycanın tərəfindədir. Şərtləri biz diqtə edirik və bununla hər kəs, Azərbaycanla dost və düşmən dövlətlər də hesablaşmağa məcburdur. Cənab İlham Əliyev Ermənistana təklif edir, işğalçılıq siyasətinə son qoysunlar. Bu siyasət onları məhv elədi, Azərbaycan qədər Ermənistanın özünə də ziyan vurdu. Nəhayət nə qədər gec deyil, onlar bu siyasətdən imtina etməlidirlər. Sərhədlərin delimitasiyası və demarkasiyasına başlamalı, gələcək infrastrukturun yaradılması istiqamətində nəqliyyat və kommunikasiya qovşaqları açılmalı, süni əngəlləri aradan qaldırmalı və işğalçılıq siyasətindən birmənalı imtina etməlidirlər.

Hesab edirəm ki, Soçi görüşü məhsuldar keçəcək. Bir daha qeyd etmək istəyirəm ki, bütün mənalarda üstünlük bizim tərəfimizdə olduğuna görə, şərtləri də biz diqtə edirik. Cənab Prezidentin aydın mövqeyi var və dəfələrlə vurğulayıb ki, heç bir statusdan söhbət gedə bilməz. Ermənistan hakimiyyəti bu reallıqları bilir və yekunda onsuz da onları həyata keçirməyə məcbur olacaq. Necə ki, onları kaputilyasiyaya imza atmağa məcbur etdik, lazım gələrsə, bu məsələdə də məcbur edəcəyik. Lakin yaxşı olardı ki, onlar özləri bunu həyata keçirsinlər.

– 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından bir il ötür. Sizcə, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirdimi?

– Təbii ki, Ermənistan kaputulyasiya aktına ona görə imza atmadı ki, ağıllanıb və ya bunu arzulayırdı. Sadəcə Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti və şəhid-qazilərimizin canı-qanı bahasına biz onları buna məcbur etdik. Üçtərəfli bəyanat Ermənistan üçün məğlubiyyətin göstəricisi idi. Müharibədən sonra tarixdə ilk dəfə olaraq xalq məğlub rəhbərə səs verdi. Bu o deməkdir ki, Ermənistan ictimaiyyəti artıq mənasız və uydurulmuş nağıllardan, “Böyük Ermənistan” utopiyasından və işğalçılıq siyasətindən yorulub. “Qarabağ klanı”na “yox” deməklə erməni xalqı öz qəti mövqeyini ortaya qoydu. Artıq sülh müqaviləsinin imzalanması həm də Ermənistan daxilindən gələn sosial sifarişdir.

Təbii ki, Ermənistan tərəfi 10 noyabr üçtərəfli bəyanatının və əldə edilən razılaşmaların ziddinə olaraq, yenidən təxribatçı hərəkətlərini davam etdirir. Lakin göründüyü kimi, heç nəyə nail olmurlar. Və ola bilməyəcəklər də. Bunu nə qədər tez anlasalar, bir o qədər özlərinə fayda vermiş olacaqlar. Yox əgər yenidən təxribatçı əməllərini davam etdirəcəklərsə, “Daəmir Yumruq” yenidən işə düşəcək və başlarını əzəcək.

– Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi məsələsini gündəmə gətirir. Post-müharibə dövründə bu çağırışlar hansı məqsədlərə xidmət edir?

– Məlumdur ki, Azərbaycanın haqlı qələbəsi bir çox beynəlxalq dairələrdə narahatlıq doğurub. Uzun illər torpaqlarımızın işğal altında qalmasına, soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin düşməsinə, düşmənin insanlıq əleyhinə cinayətlərinə, Xocalıda misli görünməmiş soyqırıma göz yuman dairələr 44 günlük tarixi Zəfərdən sonra “ədalət” axtarışına çıxıblar. BMT-nin Ermənistanın işğalçılıq faktını təsdiq edən qətnamələrini görməzdən gələn və fəaliyyət göstərdiyi müddətdə heç bir real nəticə əldə etməyən ATƏT-in Minsk Qrupu artıq öz ömrünü başa vurub. Bu təşkilat bundan sonra yalnız humanitar fəaliyyət göstərə bilər. Çünki münaqişə əsas etibarilə başa çatıb.

O ki qaldı Ermənistan iqtidarının ATƏT-in Minsk Qrupu ilə bağlı çağırışlarına, bu boğulan adamın saman çöpündən yapışmasına bənzəyir. Unutmasınlar ki, bu çıxış yolu deyil. Sən əgər boğulmamaq, ayaqda qalmaq istəyirsənsə, reallığı qəbul etməlisən. Onsuz da bu reallığı dəyişə bilməyəcəksən. Qeyd etdiyim kimi, artıq Ermənistanın daxilindən də sülh çağırışları səslənir. Bütün bunları nəzərə alaraq, Ermənistan iqtidarı üzərinə düşənləri etməlidir. Mənasız ritorika və müzakirələrlə nəticə əldə etmək mümkün olmayacaq. ATƏT-in Minsk Qrupu öz “missiyasını” başa vurub. Ermənistanın bir yolu var: Keçmişə yox, gələcəyə baxmaq.

– Parlament büdcə müzakirələrinə yekun vurdu. Ehtimallarımız nədən ibarətdir: 2022-ci il Azərbaycan iqtisadiyyatı üçün hansı yeniliklərə yadda qalacaq?

– Koronavirus pandemiyası bəşəriyyətə ciddi zərbələr vurub və bunun nəticəsində dünya iqtisadiyyatında böhran hökm sürür. Nəzər yetirsək görərik ki, əksər dövlətlərdə iqtisadi fəalllıq minimum həddinə enib, çox ciddi sosial-iqtisadi problemlər mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan pandemiya sınağından cüzi itkilərlə çıxmağı bacardı. Bütün bunlar ölkə rəhbərliyinin apardığı uğurlu və düşünülmüş siyasətin məntiqi nəticəsidir. Azərbaycan müharibədən və pandemiya sınağından çıxmasına rəğmən, öz iqtisadi imkanlarını qorumağı bacarıb. Təbii ki, bu siyasət bu gün də davam edir və qarşıda bizi daha böyük iqtisadi uğurlar gözləyir.

Büdcə müzakirələrinə gəldikdə isə, 2022-ci ilin dövlət büdcəsi daha çox sosial yönümlü olacaq. Müasir şəraitə uyğunlaşmaq, iqtisadi imkanları artırmaq, eyni zamanda əhalinin sosial-iqtisadi şəraitini yaxşılaşdırmaq baxımından qəbul olunan büdcə sənədini çox uğurlu hesab edirəm. Təbii ki, gözləntilərimiz çox böyükdür.