Arvadını boğub öldürən kişinin məhkəməsi oldu

Mehkeme

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan keçmiş polis işçisi, Naxçıvan MR Babək rayonu Böyükdüz kənd sakini, 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədovun növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

Hadisənin ilk günləri qətlə səbəb kimi üç uşaq anası Gövhər Əhmədovanın bir müddət əvvəl sosial şəbəkədə, daha dəqiq desək, “Odnoklassnik”də əvvəllər tanıdığı bir nəfəri tapması, onunla yazışması göstərilib. Həmin şəxs Gövhərin keçmiş sevgilisi olub.

Keçmiş tanışını tapan qadın onunla yenidən münasibət qurub. Bir müddət sonra isə əri məsələdən hali olub. Məhz bundan sonra onların arasında narazılıq yaranıb. Əsəblərini cilovlaya bilməyən ər özündən 11 yaş kiçik olan arvadını boğub.

İttihama görə, Dilavər Əhmədov 2 may, 2014-cü il tarixdə kirayə yaşadığı Yasamal rayonu, Zərdabi küçəsi, ev 71 A, mənzil 176-da həyat yoldaşı, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gövhər Əhmədova ilə mübahisə edib. G.Əhmədova özünə və uşaqlarına məxsus paltarları yığıb atası evinə getmək istədikdə mübahisə daha da kəskinləşib.

Arvadının təkidlə evi tərk etmək istəməsi ailə başçısının əsəblərini tarıma çəkib. O, G.Əhmədovanı kresloda otuzduraraq hər iki əli ilə onu boğmağa başlayıb. Baş vermiş mexaniki asfiksiya nəticəsində qadın dünyasını dəyişib.

Daha sonra D.Əhmədov polisə zəng vuraraq arvadını öldürməsi barədə məlumat verib. Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları D.Əhmədovu polis şöbəsinə aparıb. Qadının meyiti isə tibbi ekspertizaya verilib.

Törətmiş olduğu cinayət əməlinə görə D.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən D.Əhmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib: “2001-ci ildə iş axtarmaq məqsədilə Bakıya gəlmişəm. Əvvəllər müxtəlif tikintilərdə fəhləlik eləmişəm. Sonradan Səbayel rayonunda, Binəqədi rayon Polis İdarəsində polis nəfəri işləmişəm. 2011-ci ildə daxili çanaq pozğunluğu ilə təqaüdə çıxmışam. Həmin vaxtdan heç yerdə işləmirəm.

Gövhərlə 2006-cı ildə ailə qurmuşam. Birgə nikahdan üç azyaşlı övladımız var. Arvadımla əvvəllər münasibətimiz yaxşı olub. Lakin son iki ayda münasibətlərimiz pisləşmişdi. Tez-tez aramızda dava düşür, hər dəfə Gövhər özünün və uşaqların paltarlarını yığıb atasıgilə getmək istəyirdi. Hər dəfə ona “uşaqlarımız böyüyür, onların gələcəyi var” deyib sakitləşdirirdim.

Son günlər aramızdakı münaqişə pik həddə çatmış, evdə dözülməz vəziyyət yaranmışdı. Uşaqların yeməyini və dərmanını vaxtlı-vaxtında vermədiyinə görə ona iradımı bildirəndə münaqişə yaranırdı. Münaqişənin digər səbəbi isə qayınanam Natəvanın ailə işlərimizə müdaxilə etməsi idi. Qayınanam mənə “evi satıb müalicənə xərcləmisən, təzə ev almırsan, uşaqlara vaxt ayırmırsan, onları gəzdirmirsən, uşaqlar ata qayğısı görmür” kimi sözlər deyirdi.

Hadisə baş verən gün yuxudan duranda arvadımın “daha səninlə yaşamaq istəmirəm, artıq həyatdan bezmişəm, fikrim var səndən ayrılım” deyə deyindiyini eşitdim. Ona sakitcə başa salmaq istədim ki, ailənin yaxşı günləri olduğu kimi çətin günləri də var, səbrli olmaq lazımdır. Amma Gövhər sanki dediklərimi eşitmir “məni axırıncı dəfə görürsən, gedirəm anamgilə” deyə ucadan qışqırırdı. Ona “evin kişisi mənəm, nə səni, nə də uşaqlarımı qoymaram evdən getməyə” dedikdə Gövhər çox ağır bir söyüş işlətdi. Bu vaxta qədər ondan belə bir ifadə eşitməmişdim.

Bədənimə kəskin istilik gəldi, gözümə qaranlıq çökdü, özümə nəzarəti itirdim. Qışqır-bağır salmasın deyə boğazından yapışıb kresloya otuzdurmağa çalışdım. Bir neçə saniyə sonra qəflətən bədəninin boşaldığını hiss etdim, bərk qorxdum. Yerə uzatdım, özünü ölmüşlüyə vurduğunu düşünüb bir neçə dəfə “Gövhər, Gövhər, dur ayağa, belə zarafat eləmə” deyərək çağırdım. Amma səs gəlmədi. Öldüyünü yəqin edib polis idarəsinə gedərək təslim oldum”.

Zərərçəkmiş şəxs qismində dindirilən Eldar Səlimov ifadəsində son bir ildə tez-tez ailə-məişət zəminində mərhum qızı ilə kürəkəni arasında münasibətlərin pozulduğunu göstərib: “Hadisədən altı ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət etmişdilər. Lakin sonradan barışdıqları üçün şikayətlərini geri götürmüşdülər.

Mayın 2-də günorta saatlarında Dilavər mobil telefonuma zəng vurub həyəcanlı səslə “deyəsən, əlimdən xəta çıxıb, deyəsən, Gövhər ölüb” dedi. Nə baş verdiyini dəqiqləşdirmək istədikdə “özüm də bilmirəm” dedi və zəng kəsildi”.

Zərərçəkmiş ifadəsində qızının uşaq vaxtlarından ərköyün, acıdıl olduğunu göstərib: “Gövhər cavab qaytarmağı xoşlayırdı, çox davakar xasiyyəti vardı. Bu xasiyyətinə görə ərinə də kobud cavab qaytarırdı, ona qarşı saymazlıq edirdi. Dilavər isə ürəyitəmizdir. Amma Gövhərin ona qarşı kobud rəftarını və saymazlığını görəndə əsəbiləşir, özündən çıxırdı. Dilavərin Gövhərə qarşı zor tətbiq etməsini heç vaxt eşitməmişəm. Dilavər mənə və ailəsinə qarşı həmişə hörmətlə yanaşıb, arvad-uşağının qayğısına qalıb. Ola bilsin ki, Gövhər öz kobud rəftarı ilə Dilavəri bu həddə çatdırıb. Dilavərdən heç bir şikayətim və tələbim yoxdur”.

Məhkəmə prosesi davam edir.