ASC satıldı

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi orta və iri müəssisələrin özəlləşdirilməsində yeni yanaşmaların tətbiqini davam etdirir. Bu yaxınlarda komitə vaxtilə meliorasiya və irriqasiya obyekt və qurğularının tikintisi sahəsində ixtisaslaşmış, lakin investisiya çatışmazlığı üzündən maddi-texniki bazası tam köhnəlmiş “Muğansutikinti” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsini uğurla həyata keçirmişdir.

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olmuşdur.

Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmişdir. Azərbaycan Respublikasının aidiyyəti nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusu əldə etmişdir.

Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə 06 aprel 2018-ci il tarixində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə uyğun olaraq, fiziki şəxs V.A.Qurbanov “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.

Müsabiqə qalibi ilə 25 aprel 2018-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, qalib şəxs dövlət büdcəsinə 400 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, üç ay ərzində müəssisəyə 355 000 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürmüşdür.

Müsabiqə qalibinin təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisənin tikililərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, yeni müasir avadanlıq və texnikaların alınması, mövcud avadanıq və texnikaların təmirinin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, ərazinin abadlaşdırılması və müəssisədə 50 yeni iş yerinin yaradılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.