” ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır” Tahir Mirkişili

tahir

 

“Sivilizasiyaların qovuşmasının baş verdiyi, millətlərarası inteqrasiyanın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda ATƏT Parlament Assambleyasının “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı” mövzusunda konfrans təşkil etməsi çox böyük əhəmiyyətə malikdir”. Bunu  açıqlamasında mayın 29-30-da Avstriyanın Villach şəhərində keçirilən konfransa qatılan Milli Məclisin ATƏT PA-da nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili deyib. Tahir Mirkişili tədbirin keçirildiyi Karintiya bölgəsinin tarixinin və inkişaf mərhələlərinin xeyli maraq doğurduğunu qeyd edib, həmçinin tədbirdəki çıxışına da diqqət çəkib: “Konfransda Azərbaycanda milli azlıqların hüquqlarının vəziyyətinə dair geniş çıxış etdim. Bildirdim ki, ölkəmizdə milli azlıqlar həm öz adət ənənələrini, dil, din, həm də mədəniyyətlərini qoruyub, saxlayır, eyni zamanda, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə inteqrasiya olunurlar. Milli azlıqların nümayəndələri icra, qanunverici və məhkəmə orqanlarında yetərincə təmsil olunurlar”.

T.Mirkişli multikultural dəyərlərin inkişaf etdirilməsinin Azərbaycanın strateji dövlət siyasəti olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb: “İşğal altında olan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaları arasında etimad, birgə yaşayış prinsiplərinin formalaşmasında Ermənistanın işğalçılıq siyasətinin dağıdıcı rolunu diqqətə çatdırdım və bu müdaxilələrin qarşısının hamı tərəfindən alınmalı olduğunu xüsusi vurğuladım”.