“Avro-2020”nin keçiriləcəyi şəhərlər müəyyənləşəcək

59
UEFA-nın İcraiyyə Komitəsi bu gün keçiriləcək yığıncağında 2020-ci il Avropa çempionatının oyunlarını qəbul edəcək 13 şəhəri seçəcək.

 

Apasport.az saytının məlumatına görə, yarışa ev sahibliyi edəcək şəhərlərin elan edilməsi mərasimi Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Avropa çempionatına Azərbaycan paytaxtı Bakı da iddialı olduğundan AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti də İsveçrəyə yollanıb. İcraiyyə Komitəsi Bakıya etimad göstərsə, qitənin ən nüfuzlu futbol turnirinin 4 matçı şəhərimizdə keçiriləcək.

“Avro-2020”nin oyunları 13 paketə bölünüb. 12 şəhərin hər biri 4 oyuna ev sahibliyi edəcək. Bunlardan üçü qrup mərhələsi, biri “pley-off” (1/8 və 1/4 final) oyunu olacaq. Azərbaycan paytaxtı da bu 12 yerə iddia edən 19 şəhər sırasındadır. Namizədlər Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Yerusəlim (İsrail), Roma (İtaliya), Skopye (Makedoniya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Solna (İsveç), Kardiff (Uels) şəhərləridir.

13-cü şəhər isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Bu vəsiqəyə Londonla Münhen iddia edəcək.

Qeyd edək ki, “Avro-2020”nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad olmayacaq.