Avropa İttifaqı və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdirilməsini yüksək qiymətləndirir və həmçinin ölkələr arasında sərhədlərin delimitasiyası istiqamətində irəliləyişləri görməkdən məmnundur. XALQ.AZ xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.

Səfir xatırladıb ki, Aİ Bakı ilə İrəvan arasında sülh prosesinin və danışıqların dəstəklənməsi prosesində iştirak edib:

“Biz görürük ki, sülh sazişi üzrə danışıqlar davam edir, sərhədlərin delimitasiyası prosesi də gedir”.

O, Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Həmçinin Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, Avropa İttifaqı (Aİ) iqlim problemlərini daha qlobal səviyyədə həll etmək üçün Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir və onunla işləməyə hazırdır.

Onun sözlərinə görə, bu il tərəflər arasında əməkdaşlığın əsas istiqaməti iqlim dəyişikliyi mövzusudur:

“Avropa İttifaqı və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Biz dialoqumuzu və sıx əməkdaşlığımızı davam etdirməyə hazırıq. Prioritet olan sahələr var. Bu il buraya qlobal əhəmiyyət kəsb edən iqlim dəyişikliyi ilə mübarizə daxildir. Bu sahə Aİ-Azərbaycan münasibətləri üçün xüsusi əhəmiyyət kəsb edir”.