“Avropa Parlamenti də buna həm hüquqi həm də siyasi rəy verdi”

“Avropa Parlamentinin 2020-ci il 10 iyun tarixli bəyanatı Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalını bir daha təsdiq etdi. Bəyanatın əsas məqsədi Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasısının beynəlxalq hüquqa zidd olmasını bildirmək idi”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü, deputat Kamal Cəfərov deyib. Deputatın sözlərinə görə, Avropa Parlamenti qeyd edib ki, bu magistral yolun inşası Azərbaycan səlahiyyətli orqanının razılığı olmadan həyata keçirildiyi üçün beynəlxalq hüquqa ziddir:

“Bu addım Ermənistanın işğalçı siyasətini əhatə edir. Eyni zamanda, Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti ilə sülh və barışıq üçün tələb olunan mühiti pozur. Yekun olaraq bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir. Bu bəyanatın Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanması çox vacibdir. Bu onu göstərir ki, Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin ciddi və vahid mövqeyi var. Hesab edirəm ki, Ermənistan öz işğalı siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi və Avropa Parlamenti də buna həm hüquqi həm də siyasi rəy verdi. Eyni zamanda, bu birgə bəyanat göstərdi ki, bu münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. Və bütün dünya bir daha yaddaşını təkrarladı ki, Dağlıq Qarabağ həm beynəlxalq hüquq normalarına, həm də tarixi nöqteyi-nəzərdən Azərbaycanın tərkib hissəsidir. Dağlıq Qarabağ Azərbaycandır!”